Bakıda bu İslam təşkilatının ofisi açılır

Bakıda bu İslam təşkilatının ofisi açılır

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESKO arasında İSESKO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrə çıxarılıb.

AzerTimes xəbər verir ki, layihəni Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

”Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (Islamic World Educational, Scientific and Cultural Organization – İSESCO) ilə ölkəmiz arasında münasibətlər son illər daha da intensivləşib. Ümumiyyətlə, İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında xidmətləri böyük olan İSESKO ilə əlaqələrə yüksək dəyər verən Azərbaycan bu təşkilatla sıx əməkdaşlıq edir. Azərbaycanla bu qurum arasında əlaqələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf edir.

İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 23-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya humanitar sahədəki fəaliyyətinə görə “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edilmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Bu gün İSESKO İslam dünyasını birləşdirmək istiqamətində çox uğurlu addımlar atır. “İSESKO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. Bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da İSESKO-nun öz yeri var. Azərbaycanın-İSESKO ilə münasibətləri isə ildən-ilə genişlənməkdədir.

“Azərbaycan Respublikası Hökumət ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESKO arasında İSESKO-nun Regional Ofisinin yerləşməsi haqqında” Saziş 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmışdır. İSESKO-nun Regional Ofisinin Bakı şəhərində yerləşdirilməsi İSESKO və onun üzv dövlətləri arasındakı münasibətlərin gücləndirilməsinə və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Sazişin məqsədi İSESKO-nun Regional Ofisinin Azərbaycan Respublikasında yerləşməsi ilə bağlı şərtlərin və qaydaların müəyyən edilməsindən ibarətdir. Sazişə əsasən Ofis Bakı şəhərində yerləşəcək və hüquqi şəxs statusuna malik olacaq. Ofis İSESKO-nun müvafiq normativ hüquqi aktlarına, sənədlərinə, həmçinin təsdiq olunması təklif olunan Sazişə uyğun olaraq fəaliyyət göstərəcək. Sazişdə İSESKO-nun Bakı Ofisinin immunitet və imtiyazları, onun rəsmilərinin statusu, hüquq və öhdəlikləri nəzərdə tutulub.

Azərbaycanla İSESKO arasında əməkdaşlığın daha da genişlənməsinə öz töhvəsini verəcək bu layihəyə həmkarlarımı səs verməyə çağırıram”, – millət vəkili bildirib.

Qeyd edək ki, qanun layihəsi yekdilliklə qəbul olunub.

Teqlər: