Bakıda beynəlxalq konfrans işə başladı

Bakıda beynəlxalq konfrans işə başladı

09:39

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AzerTimes xəbər verir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

Konfransın açılış mərasimində əvvəlcə BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş edilib.

Videomüraciətdə Migel Anxel Moratinos bildirib ki, BMT Baş Assambleyası 15 mart tarixini islamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib. İslamofobiyanın termin kimi istifadə olunduğunu söyləyən Migel Anxel Moratinos təəssüflə qeyd edib ki, bu irqçiliyin ifadəsidir: “Dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məfhumlar qorunmalıdır. Islamofobiyanın qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır, qorxudur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ötən il BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinə dair qətnamənin qəbulunun birinci ildönümündə tanınmış ekspertlərin iştirakı ilə belə genişmiqyaslı beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın keçirilməsini şərtləndirən əsas səbəblərdən biri islamofobiyanın artması və dünyada bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsidir: “Təbii ki, biz də hamı kimi vəziyyətdən çox narahatıq. İkincisi, Azərbaycan da İslam mədəniyyətinin və tarixinin bir parçasıdır. Dünyəvi və multikultural dövlət olmağımıza rəğmən, cəmiyyətimizin əksəriyyəti müsəlmandır. Ən vacib səbəblərdən biri isə Azərbaycanın və Bakının mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm roldur”.

Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığını qeyd edən R.Həsənov bildirib: “İslamofobiya media tərəfindən təbliğ edilir və müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox müsəlman məşğulluq və əmək haqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dini baxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər. Bəzən bir sıra ölkələrdə demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur”.

İslamofobiyaya qarşı fəal mübarizənin aparılmasında təhsil, media təmsilçiliyi və inklüziv siyasi müzakirələrin önəmini qeyd edən Rəvan Həsənov bildirib ki, bu, hökumətlərdən, vətəndaş cəmiyyətindən və fərdlərdən hamı üçün tolerantlığın, hörmətin və anlaşmanın təşviqi istiqamətində işləməyi tələb edir. Bunun əksinə olaraq, İslam kimi sülhü təbliğ edən dini terrorla əlaqələndirmək və bu cür mənfi təbliğat yaymaq heç bir cəmiyyətə və dövlətə fayda verməyəcək. Əksinə, o cəmiyyətlərdə nifrət nitqini və ayrı-seçkiliyi artıracaq.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq Baş katibi Ekmələddin İhsanoğlu konfransda çıxış edərək bildirib ki, İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. “Elə etməliyik ki, hamı çoxmədəniyyətlilik məfhumunu qəbul etsin. Bu, çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərir ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə qarşılıqlı etimad yaratmaq lazımdır. Müsəlmanlar da yeni sülh erası istəyirlər”, – deyə Ekmələddin İhsanoğlu vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, müsəlmanlara qarşı mədəni və siyasi baxımdan qərəzli münasibət var. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini xüsusi vurğulayan Fərid Şəfiyev bildirib ki, bu münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.

“İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına və sosial həyatına ciddi təsiri var. Məhz bu səbəbdən İslamofobiya müxtəlif kontekstlərdə ciddi nəticələr doğurur”, – deyə Fərid Şəfiyev diqqətə çatdırıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu gün dünyada islamofobiyanın öz aktuallığını saxladığını söyləyib. İslamofobiyaya qarşı mübarizədə dialoq və müzakirələrin önəmini qeyd edən Kol Durham bu baxımdan rəhbərlik etdiyi Fondun fəaliyyətindən danışıb. Hazırda qarşıda duran çağırışlardan birinin dini liderlərin bu prosesə səfərbər edilməsi olduğunu söyləyən qonaq deyib: “Dini liderlər də çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olmasına xüsusi diqqət ayırır. Biz qütbləşmiş dünyada yaşayırıq və bundan əziyyət çəkirik. Ona görə də qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq”.

Çıxışlardan sonra islamofobiyaya dair filmin təqdimatı olub.

Beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir və qarışıq dini əhaliyə malik münaqişə və post-münaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Xüsusilə Avropanın bəzi ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranan bu cür stereotiplər Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır.

Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq, anti-İslam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb və İslam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.

Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi və davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını və alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir. Bakının ev sahibliyi etdiyi “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Teqlər: