Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG
Dünya Kubokunun fərdi və qrup hərəkətləri üzrə qalib və
mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-ın
məlumatına görə, halqa ilə hərəkətlərdə birinci yeri Sofiya
Raffaelli (İtaliya), ikinci yeri Boryana Kaleyn (Bolqarıstan),
üçüncü yeri Adi Asya Kats (İsrail) tutub.

Qalib və mükafatçılara medalları Azərbaycanın kənd təsərrüfatı
naziri İnam Kərimov, FIG (Beynəlxalq Gimnastika Federasiyası) Bədii
Gimnastika üzrə Texniki Komitəsinin üzvü Lyubov Çerkaşina, Milli
Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim
ediblər.

Topla hərəkətdə Boryana Kaleyn (Bolqarıstan) qızıl, Milena
Baldassarri (İtaliya) gümüş, Sofiya Raffaelli (İtaliya) bürünc
medala sahib olublar.

Qalib və mükafatçılara medalları Azərbaycan Gimnastika
Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev, FIG Bədii
Gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova və
yarışın yerli təşkilat komitəsinin nümayəndəsi Kamran Ramazanov
təqdim edib.

Azərbaycan komandası beş halqa ilə qrup hərəkətlərində fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb, İtaliya komandası ikinci,
İsrail komandası üçüncü yeri tutub.

Qalib və mükafatçılara medalları Azərbaycan Gimnastika
Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Beynəlxalq
Gimnastika Federasiyasının texniki nümayəndəsi Kerlayn Hant, bədii
gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi, beynəlxalq dərəcəli
hakim Evgeniya Jidkova təqdim ediblər.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.

Teqlər: