Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının bağlanış mərasimi baş tutub.

AzerTimes-ın məlumatına görə, Dünya Çempionatında iştirak edən ölkələrin bayraqlarının paradı keçirilib.

Bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari Vatanabe çıxış edərək bildirib:

“Bu nə gözəl Dünya Çempionatıdır!

Bakı, belə bir çətin vaxtda belə gözəl yarış keçirdiyin üçün çox sağ ol!

Bütün kateqoriyalar üzrə möhtəşəm çıxışlara şahid olduq.

Müxtəlif final mərhələlərində əzmlə çıxış edən bütün finalçıları təbrik edirəm!

Nə gözəl görüntü!

Biz mükəmməl təşkilatçılığa görə Sizi alqışlayırıq!

Azərbaycan Gimnastika Federasiyası və bütün Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm.

Növbəti Dünya Çempionatında gələn il Sofiyada görüşənədək!”.

Daha sonra Beynəlxalq Gimnastika Federasiyasının bayrağının təqdimetmə mərasimi olub. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə bayrağı Morinari Vatanabeyə, o da öz növbəsində bayrağı Bolqarıstanın Batut üzərində tullanışlar Federasiyasının sədri Stoyan Dimitrova təqdim edib.

Qeyd edək ki, batut üzərində tullanışlar üzrə Dünya Çempionatı 2022-ci ildə Sofiyada keçiriləcək (Bolqarıstan).

Daha sonra tədbirdə maraqlı gimnastika tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilib. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edib.

Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Foto: Zaur Mustafayev

Teqlər: