Bakıda azyaşlı övladına və arvadına işgəncə verən şəxs həbs edildi

Xəbər - Samir Əli – Trend:

Bakının Xəzər rayonunda azyaşlı övladına və arvadına işgəncə
verən şəxs həbs edilib.

Bunu AzerTimes-a
açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru
Kənan Zeynalov deyib. O bildirib ki, Xəzər sakini 2017-ci il
təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı
il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin
dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən
qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər
rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə
cinayət işi başlanıb.

“Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə
rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Prokurorluq və
polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat
tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına
çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə
təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının
vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib.
Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam
etdirilir”, – deyə K. Zeynalov bildirib.


Qurum rəsmisi deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinə edilmiş müraciət əsasında “Təmiz Dünya Qadınlara
Yardım” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa
yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial
işçilər tərəfindən işlər aparılır.

Teqlər: