Bakıda “Azərsu”nun adından dələduzluq edən şəxs peyda olub – Xəbərdarlıq (FOTO)

Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq
Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları
aldadan şəxs peyda olub.

Qurumdan AzerTimes-a verilən
məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və “Azərsu”
ASC-nin xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının
quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edirmiş.
Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A ünvanında yerləşən özəl
uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif
edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı “Azərsu”
ASC-nin Nizami rayon Sukanal İdarəsinə müraciət edib. İdarənin
əməkdaşları dərhal hadisə baş verən obyektdə olub. Həmin şəxs
ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda
yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı
belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə
hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Vətəndaşların diqqətinə çatdırırıq ki, xidməti vəzifələrini
yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç
bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü
“Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni
əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat
vermələri xahiş olunur.

Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su
xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən
(azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank,
poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata
keçirsinlər.

Teqlər: