Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək

Martın 3-dən 6-dək paytaxtımız Akrobatika Gimnastikası üzrə
12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə,
federasiyanın ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin
qeydiyyat siyahısına əsasən 21 ölkədən 466 gimnastın iştirakı
gözlənilir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edib.

Ötən il İsveçrənin Cenevrə şəhərində keçirilən akrobatika
gimnastikası üzrə 11-ci dünya yaş qrupları yarışları
təmsilçilərimizin bürünc medal qazanması ilə yadda qalmışdı. Belə
ki, Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan
(12-19 yaş qrupu) ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramı
üzrə final çıxışlarına görə fəxri kürsünün üçüncü pilləsində yer
almışdılar.

Bu medal Azərbaycan gimnastika tarixində məhz dünya yaş qrupları
yarışlarında qadın qrupu proqramında əldə olunan ilk nəticə olub.
Həmin yarışda finala yüksələn Milana Əliyeva və Nizam Xamidulindən
(12-19 yaş qrupu) ibarət qarışıq cütlüyümüz 5-ci olmuşdu.

Qeyd edək ki, paytaxtımızda keçiriləcək yarışların Azərbaycan
Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə
tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji
tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi
planlaşdırılır.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar
saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.

Teqlər: