Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı iştirakçılarının podium məşqləri keçirilir (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı iştirakçılarının podium məşqləri keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi bu yarış 27-29 may tarixlərində keçiriləcək.

Aerobika gimnastikası üzrə Avropa çempionatına 2019-cu ildə uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə Dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açacaq.

İlkin qeydiyyat siyahısına əsasən, yarışda 22 ölkədən 171 idmançının iştirakı gözlənilir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədob və Mədinə Mustafayeva təmsil edəcək.

Trend məşqlərdən fotoreportajı təqdim edir:

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: