Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunub. Rəvan İbrahimov və Ramal Rəcəbovun ətraflarında aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokueyerlər cəlb etdikləri müəyyən edilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha 4 nəfər – Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər Rəvan İbrahimov və Ramal Rəcəbov tərəfindən narkokuryerliyə cəlb edikdiklərini etiraf ediblər.Saxlanılanların hər biri barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.