“Bakı-Xankəndi formatı” nədir? Nikolun uğursuz oyunu

“Bakı-Xankəndi formatı” nədir? Nikolun uğursuz oyunu

Ötən gün ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana telefon zənglərinin ictimaiyyətə açıqlanan hissəsində “Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi, “Xankəndi ilə Bakı arasında” danışıqlar üçün beynəlxalq mexanizmin yaradılması” ifadəsinin işlənməsi diqqətdən yayınmaya bilməzdi.

Blinkenin Əliyevlə danışığı ilə bağlı rəsmi Bakının açıqlamasında bu və bunabənzər söz birləşməsi, əlbəttə ki, yoxdur; ABŞ Dövlət Departamentinin Blinkenin Əliyevlə telefon söhbəti haqda press-relizində də Blinkenin 17 əsirin qaytarılmasına görə Bakıya təşəkkürü, sülh istiqamətində pozitiv addımları alqışlaması, “sərhədlərin dəqiq delimitasiyası, nəqliyyatın açılması, itkin düşənlərin axtarılması və identifikasiyası və “digər məsələlərdə” ABŞ-ın dəstəyindən bəhs edilir. Blinken yalnız və yalnız “Dağlıq Qarabağ sakinlərinin (sakinlər – !) hüquqları və yaşam təminatlarına” toxunub, Ermənistan və Azərbaycanın atəşkəs rejiminə əməl etməsinin mühüm olmasından danışıb.

ABŞ başda olmaqla, Qərb siyasilərinin dilində “Xankəndi-Bakı formatı” deyilən bir anlayış yoxdur.

Yalnız Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyana zəngində “tərəflərin belə bir formatdan danışdığı” haqda erməni mediasında informasiya var ki, bu da əslində bu ifadəni kimin siyasi leksikona daxil etmək istədiyini ortaya qoyur. Nikol Paşinyan hökuməti artıq reallığın dəyişdiyinin fərqindədir və Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, buna baxmayaraq, “Xankəndi-Bakı formatı” adlı heç bir perspektivi olmayan bir oyun qurmağa və Xankəndidə rus sülhməramlıların himayəsi altında olan separatçıları tərəfə çevirməyə uğursuz cəhd edir.

Bakı hətta işğalın ən ağır vaxtlarında və iqtisadi imkanlarının zəif, siyasi təsir imkanlarının həddən artıq aşağı olduğu 90-cı illərdə belə bu cür cəhdlərin qarşısını qətiyyətlə almışdı. 1998-ci ildə Heydər Əliyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” qəlibində “Azərbaycan” sözü ilə “Dağlıq Qarabağ” sözü arasında “vergül”ün qoyulmasına belə imkan verməmişdi. Heydər Əliyev yaxşı bilirdi ki, bu “vergül” sonradan separatçıların masada “bərabərhüquqlu” iştirakı üçün hüquqi təzyiq vasitəsinə çevrilə bilər.

“Dağlıq Qarabağ münaqişəsi”nin yalnız və yalnız iki tərəfi olub: işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan. Heydər Əliyev münaqişəni məhz bu formatda bütün beynəlxalq təşkilatlarda qəbul etdirib, eyni zamanda, Ermənistan da bu formata imza atıb, illərlə bu formatda danışıqlarda iştirak edib!

Təsadüfi deyil ki, Heydər Əliyevin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli üçün necə uzaqgörən bir gediş etdiyini Ukrayna rəsmiləri və prezidentləri də etiraf edəcəkdilər. Belə ki, Donbasla bağlı formatda Ukrayna və Rusiya ilə bərabər, Luqansk və Donetsk də “tərəf kimi” iştirak edir və Minsk razılaşmaları “dördlü formatda” imzalanıb. Məhz bu saziş Rusiyanın əlini gücləndirir və Luqansk və Donetsklə bağlı iddialarını əsaslandırırdı, Kiyev isə imzasına hörmət etməməkdə, Minks razılaşmalarını pozmaqda, beynəlxalq sənəd statusunu almış sazişi ayaqlar altına atmaqda ittiham edilirdi.

İndiyə qədər Qarabağdakı separatçıları “subyekt” olaraq tanımayan və bu haqda hər hansı təklifi yaxına belə buraxmayan Azərbaycana 44 günlük möhtəşəm qələbədən və Qarabağ münaqişəsini tarixə göməndən sonra Nikol Paşinyanın guya “hiyləgərlik” edib, “yeni format” təklif etməsindən əbləh bir düşüncə təsəvvür etmək çətindir. Nikol Paşinyanın 24 il öncə gündəmdən silinən bir təşəbbüsü kapitulyasiyaya imza atandan sonra gündəmə daxil etmə cəhdi yalnız sülh prosesinə mane olmaqdan başqa bir şey deyil.

Azərbaycan Qarabağdakı 25 min erməni icması ilə “qeyri-formal təmaslar”dan qaçmadığını elan edib. Nədir “qeyri-formal”lıq?

Formal – rəsmi, qanuni formadır, qeyri-formal – qeyri-rəsmi, qarşı tərəfin heç bir statusu olmadığı əlaqə. Bu, Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiyası yoludur.

Əlbəttə ki, qeyri-rəsmi təmaslarsız Azərbaycan dövləti öz erməni əhalisi ilə anlaşa bilməz.

Bir daha qeyd edək ki, təmasların necəliyini artıq İlham Əliyev elan edib: “Qeyri-formal təmas”!

Teqlər: