Bakı və İrəvana təzyiq artır: Nikolun Tiflis qərarı…

Bakı və İrəvana təzyiq artır: Nikolun Tiflis qərarı…

Ermənistanın Baş naziri Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə Tiflisdə imzaladığı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün hansı təsirləri ola bilər?

AzerTimes xəbər verir ki, bu suala politoloq Elxan Şahinoğlu aydınlı gətirməyə çalışıb.

O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin genişləndirməyə çalışmasından narahat deyil:

“Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır. Yəni Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana göndərdiyi hücum xarakterli hərbi texnikaların keçidinə şərait yaradacaqsa, bu, Azərbaycanda rəsmi Tiflisin siyasəti ilə bağlı ciddi suallar yaradacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tiflis “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”.

Ekspert vurğulayıb ki, əslində həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və əməkdaşlığın formalaşması üçün çalışmalıdır:

“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tiflisin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tiflisin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır, əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrıyla həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir”.

Teqlər: