Bakı-Şuşa avtobuslarına biletlərin qısa vaxtda satılmasına aydınlıq gətirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi
müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər aprelin 26-da
satışa çıxarılıb. Biletlərin satışa çıxarılması barədə qurumun
internet saytı, sosial media hesabları və mətbuatda məlumat
verilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Bakı-Şuşa -Bakı istiqaməti üzrə biletlər ilk 3-4
saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet
vətəndaşlar tərəfindən alınıb.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqaməti üzrə, bu saata olan
məlumata görə, 658 biletdən 642-si satılıb. Beləliklə, may ayında
1222 vətəndaşın Şuşaya səfəri təmin olunacaq.

Biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha
qiymətə satması mümkün deyil. Vətəndaşlar bilet almaq üçün
şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil
etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə
eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər
alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da
qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya
sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə
işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə
yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Əgər vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşıblarsa,
bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş
olunur.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı
dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq
avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin
açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı –
Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə
biləcəklər. Reyslər həftənin cümə axşamı, cümə, şənbə və bazar
günləri həyata keçiriləcək.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində həftənin 3 günü –
bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək
mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər
həyata keçirilir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və
məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və
rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet
satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn
qaydada həyata keçirilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus
marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günədək
ümumilikdə 122 reys uğurla həyata keçirilib, 5084 nəfər Şuşa və
Ağdam şəhərlərini ziyarət edib.

Teqlər: