Bakı Slavyan Universitetinin külli miqdarda dələduzluq edən keçmiş şöbə müdirinin məhkəməsi keçirilib

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən tələbə atası İsmət Nəzərov bildirib ki, üç illik təhsil üçün ondan beş min manat istənilib, sonradan isə o, həmin məbləğin dörd min manata endirilməsinə nail olub: “Ödəniş etmək üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Həmçinin mənə bildirdi ki, qızımın universitetdə rahat oxumasına və qayıblarına da kömək edəcək.

Qızım hazırda üçüncü kursda təhsil alır və universitetə 1100 manat borcu var.”

Şahid həmçinin qeyd edib ki, məsələ ilə bağlı qızı Universitetin rektoruna müraciət etsə də cavab ala bilməyib:

Şahidin ifadəsinə münasibət bildirən Dürdanə Əliyeva deyib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.

İxtisas artırmaq üçün universitetə müraciət edən digər şahid Mehman Nəcəfov isə təqsirləndirilən şəxsə təhsil ödənişi üçün min manat verdiyini deyib:

“Təhsil ödənişi üçün ümumilikdə 2200 manat ödəməli idim. Dürdanə Əliyeva mənə dedi ki, ilkin ödəniş kimi 1000 manat ona verməliyəm. Həmin 1000 manatı ona verdim digər 1200 manatı isə ödəniş aparatı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1000 manat, nə də aparatla ödədiyim pul universitetin kassasına keçib.”

Prosesdə şahid qismində son olaraq 2020-ci ildə ikinci təhsil almaq üçün Dürdanə Əliyevaya 2 min manat pul verən Ülviyyə İsmayılova ifadə verib:

“D.Əliyeva mənə dedi ki, təhsil üç il olacaq. Ödənişi isə illik 2 min manat olacaq.
Həmin pulu ona ödəməyimi istədi. Mən də ödəyib getdim.

Dekabr ayında mənə zəng edib dedilər ki, təhsil ödənişi etməlisən. Hələ də universitetə borclu qalmışam.”

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Teqlər: