Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil
yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi
sürətlə və keyfiyyətlə davam etdirilir.
Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
5 hissə üzrə tikinti aparılan magistral yol layihəsinin icrası
Agentliyin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Belə ki,
Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi
işləri ilə yerindəcə tanış olmaq məqsədi ilə mütəmadi olaraq
tikinti meydançasına baş çəkir, işlərin vaxtında və keyfiyyətlə
yerinə yetirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını
verir.
Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi
qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti
işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5
yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici
qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı
zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik
2-ci hissə üzrə yol yatağının, həmçinin 8 körpü və yol
ötürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 36 suötürücü
düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb.
Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə
asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolatı keçid və 55
suötürücü boru inşa edilib, 4 körpünün tikintisi isə davam edir.
Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra
olunur, yol əsası hazır olan hissələrdə artıq asfaltanma işlərinə
start verilib.
18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, 7 körpü və 4 yolaltı
keçidin inşası aparılır. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü
borunun quraşdırılması isə son mərhələ üzrə yerinə yetirilir.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri
yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı
və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32
körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda
asfalt-beton örtüyünün döşənməsi, əyrixətli dəmir tirlərin
quraşdırılması işləri görülür.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin
təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının
qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi,
ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server
sisteminin quraşdırılması işləri də icra olunur.
Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55
yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif
diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa
edilməlidir.
2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması
planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini
daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə
təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol
oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o
cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin
çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat
infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir
çox sosial problemlərin həllinə şərait yaradacaq.