Bakı Metropoliteni qarşıdan gələn bayramlarla bağlı silsilə tədbirlər həyata keçirəcək (FOTO)

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edən Bakı metropoliteni ənənələrini bərpa edərək bu dəfə silsilə tədbirlərinə daha bir neçə yeniliyi də əlavə edəcək.

“Bakı Metropoliteni” QSC-dən AzerTimes-a verilən məlumata görə, 2022-ci ilə sayılı günlər qaldığı bir vaxtda Yeni ilin gəlişini bildirən və bayram əhval-ruhiyyəsi hiss etdirən bəzədilmiş şam ağacları metropolitenin şəhər mərkəzinə yaxın, habelə üç xəttin əsas stansiyalarının vestibüllərində qoyulub. Onlar Qırmızı xəttin “İçərişəhər”, “28 May” və “Koroğlu”, Yaşıl xəttin “Elmlər Akademiyası” və Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində quraşdırılıb.

Ən əsası, xəttə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il mövzusunda tərtib edilmiş qatar tərkibi buraxılıb. Bu qatar yeni ilin ilk günlərinə qədər hərəkət cədvəli ilə müəyyən olunmuş marşrut üzrə gün ərzində hərəkət edəcək.

Metropolitendə bayram ovqatlı rəngarəng tədbirlər isə dekabrın 29-dan başlayaraq yeni ilin ilk gününə qədər davam edəcək.

Dekabrın 29-30-da Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız sərnişinlərlə görüşə gələcəklər. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcəklər. “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Məşhur nağıl və cizgi qəhrəmanları, sehrbazlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirəcək, onları müxtəlif hədiyyələrlə sevindirəcəklər. Böyük şou-tamaşa nəinki azyaşlı sərnişinlərə, həmçinin tədbir ziyarətçilərinə əyləncəli unudulmaz anlar yaşadacaq.

Tədbirlər “Dj. Kənan”ın ifasında yeni il mahnılarından ibarət kiçik konsertlə davam edəcək.

Dekabrın 31-i və yanvarın 1-də isə metropolitenin daha bir ənənəsinə uyğun olaraq, konsert proqramı təşkil ediləcək. “İçərişəhər” və “28 May” stansiyalarında Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartet canlı musiqi sədaları ilə sərnişinlərin bayram ovqatını daha da yüksəldəcək.

Teqlər: