Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi (DYP)
İdarəsi mayın 15-də keçiriləcək “Bakı Marafonu-2022” ilə bağlı
avtomobil sahiblərinə, sürücülərə və paytaxt sakinlərinə müraciət
edib.
Bu barədə AzerTimes-a idarənin bölmə rəisi, polis polkovniki Vaqif
Əsədov bildirib.
Belə ki, 2022-ci il mayın 15-də saat 10:00-dan paytaxtın Bayraq
Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı
altında 10 mindən çox iştirakçı 21 kilometrədək yürüş edəcəklər.
Yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədilə tədbir tam başa
çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə
məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Yürüş Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi
ilə Dəniz vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8
Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər
dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər
Parkı yanından keçərək, Yusif Səfərov-A.Cəlilov küçələrinin
kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq
prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti,
Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə,
Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı”
yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
Keçirilən tədbirin əhəmiyyətini, iştirakçıların rahat, və
fasiləsiz yürüşünün təşkil edilməsi məqsədi ilə, xahiş edilir ki,
bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin
hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb, alternativ variantlara
əvvəlcədən üstünlük versinlər”.