Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatı müəyyənləşdirilib – Ceyhun Bayramov (FOTO)

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə
milli komissiyaların sədrləri və formatı müəyyənləşdirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu
nazir Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər
Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış
edərkən deyib.

Çıxışda nazir Ceyhun Bayramov, təşkilata səmərəli sədrliyinə
görə Qazaxıstan tərəfinə təşəkkür edib və MDB çərçivəsində
əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə,
habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir
mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə
görə Tacikistana təşəkkür ifadə edib.

Nazir, MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq
əlaqələrinin uğurla inkişafını qeyd edib. O, cari ildə Birliyə üzv
olan bir çox dövlətlərin əlamətdar tarix olan – diplomatik
münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir
iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin
keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik
əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları
müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.

Ceyhun Bayramov, iclasın gündəliyinə uyğun olaraq MDB-yə üzv
dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı
təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu
vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm,
gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı
hesab etdiyi qeyd edilib.

Çıxışında nazir Ceyhun Bayramov, həmçinin iclas iştirakçılarını
bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb.
Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan
azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və
kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və
sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir, Azərbaycan
Respublikasının Ermənistanla münasibətləri normallaşdırmağa, o
cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası
prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı,
sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində
addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin
delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının
müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün,
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində
səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının
diqqətinə çatdırılıb.

Teqlər: