Bakı Limanı beynəlxalq əməkdaşlığı genişləndirir (FOTO)

Bakı Limanı 16-19 may 2022-ci il tarixlərində Kanadanın Vankuver
şəhərində keçirilən Beynəlxalq Limanlar və Limanlar
Assosiasiyasının Dünya Limanları Konfransında (IAPH2022) iştirak
edib.

AzerTimes-ın məlumatına görə,
Bakı Limanının Baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi Bakı
Limanının nümayəndə heyəti qlobal dəniz limanı sahəsində rəqabət
qabiliyyətinin artırılması və dünyanın əsas liman regionlarının
performansınının yüksəldilməsi məqsədi ilə #BoşluqlarıBağlamaq
(#ClosetheGaps) mövzusunda təşkil olunan 400-dən çox aparıcı liman
və tərəfdaşların yeni formatda bir araya gətirən #IAPH2022-də
iştirak edib.

Mayın 16-da konfrans Vankuver Limanın prezidenti Robin Silvester
və IAHP-in baş icraçı direktoru cənab Patrik Verhovenin açılış
niqləri ilə başlayıb. Eyni zamanda, açılış mərasimində Kanadanın
Baş Naziri Castin Trudeau və Beynəlxalq Dəniz Təşkilatı-nın (İMO)
Baş katibi Kitack Limin videomesajları konfrans iştirakçılarına
çatdırılıb.

Daha sonra konfrans #ClosetheGaps mövzusu altında müxtəlif
sessiyalar, şəbəkələşmə tədbirləri və interaktiv görüşlərlə davam
etdirilib. IAPH2022 konfransının #ClosetheGaps mövzusu keçən ilki
Dünya Limanlar Konfransında regional rəqabət qabiliyyətinə cavab
vermək və gələcək dayanıqlılığı təmin etmək üçün dünyanın bir çox
yerlərində limanlara uzunmüddətli investisiyalar cəlb edilməsi və
qlobal təchizat zəncirlərinin yaradılmasına ehtiyac olduğu
qənaətinə gələn çoxsaylı sessiyaların nəticəsində hazırlanıb.

Bakı Limanı həmçinin konfransın mayın 17-də Vankuver Konqres
Mərkəzində keçirilən “Yaşıl gəmiçilik dəhlizlərinin
əlaqələndirilmiş və davamlı şəbəkəsini necə inkişaf etdirməli?”
adlı sesiyasına sponsorluq edib. Sessiyada ekspertlər və tanınmış
liman rəhbərləri Yaşıl Nəqliyat Dəhlizləri şəbəkəsinin necə
formalaşacağı və hansı meyarların dənizdə karbon emissiyalarının
azaldılmasına davamlı təsir edəcəyi barədə fikirlərini
bölüşüblər.

Konfrans zamanı Bakı Limanının nümayəndə heyəti ümumi dayanıqlı
inkişaf məqsədlərinə nail olunmasına töhfə vermək üçün mövcud və
gələcək tərəfdaşlıq imkanlarını müzakirə etmək üçün IAHP-nin İcraçı
direktoru Patrik Verhoeven, eləcə də müxtəlif ölkələrin liman
rəhbərləri ilə görüşlər keçirmişdir.

Bundan əlavə, IAPH-in “Ports & Harbors” jurnalı Bakı Limanının
Baş Direktoru Taleh Ziyadovun “Bakı Limanının transformasiyası və
Limanın 120 illik yubileyinin qeyd edilməsi” mövzusunda eksklüziv
müsahibəsini dərc edib. Jurnalın may/iyun sayı konfrans zamanı
bütün IAPH2022 iştirakçıları arasında paylanılıb və jurnalın
nüsxələri bütün dünyada IAPH üzvü olan 200 liman və dənizçilik
şirkətlərinə göndərilib.

IAPH Beynəlxalq Limanlar və Limanlar Assosiasiyasıdır,
Assosiasiyanın dünyanın 90 ölkəsindən 200-dən çox üzvü var və
təşkilat dünyada olan limanları və ya limanla əlaqəli fəaliyyət
göstərən nüfuzlu biznesləri bir araya gətirir. Bakı Limanı 2010-cu
ildən IAPH-nin üzvü kimi IAPH ilə strateji tərəfdaşlıq edir. Qeyd
edək ki, Bakı Limanı 2018-ci ilin 9-10 may tarixlərində Mərkəzi
Avrasiyada ilk dəfə keçirilən IAPH-nin Dünya Limanları Konfransına
(#IAPH2018) uğurla ev sahibliyi edib və 65 ölkədən rekord sayda
(400-dən çox) iştirakçı Bakı Konqres Mərkəzində təşkil olunan bu
qlobal tədbirdə iştirak edib.

Teqlər: