“Bakı KOB evi”nin təşkili məsələlərinə dair Koordinasiya Qrupunun iclası keçirilib (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi
fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası
keçirilib.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, Koordinasiya Qrupu sahibkarlığın inkişafı
siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq
subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə KOBİA
arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi
məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli
Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif
xidmətlər göstərən 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil
olunur.

İclasda çıxış edən Koordinasiya Qrupunun sədri, iqtisadiyyat
nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın inkişafı
istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini
qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlər,
qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına göstərilən dəstəyin
göstəricisidir. Sahibkarlara göstərilən xidmətlərin
yaxşılaşdırılması baxımından KOB evlərinin fəaliyyətinin önəmini
diqqətə çatdıran Niyazi Səfərov bu sahədə dövlət qurumlarının birgə
fəaliyyətinin önəmini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hazırda Xaçmaz və
Yevlax şəhərlərində olmaqla iki KOB evinin fəaliyyət göstərdiyini
və burada indiyədək sahibkarlara 88 mindən çox xidmətin
göstərildiyini bildirib. Qeyd olunub ki, KOB evlərində göstərilən
xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99% təşkil edir.
Yevlax və Xaçmaz KOB evlərinin təcrübəsi sahibkarlar üçün KOB
evlərinin vacib platforma olduğunu deməyə əsas verir. Yaxın tarixdə
“Bakı KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur və hazırda
son tamamlama işləri aparılır. “Bakı KOB evi”ndə 130-a yaxın xidmət
masasında sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərilməsi
nəzərdə tutulur. Burada həmçinin, startaplar üçün mərkəz, mediasiya
mərkəzi və KOB inkişaf mərkəzi fəaliyyət göstərəcəkdir.

İclasda KOB evlərinin fəaliyyəti, “Bakı KOB evi”nin yaradılması
və burada dövlət qurumlarının fəaliyyətinin təşkili məsələləri
müzakirə olunub.

Teqlər: