Bakı ilə İrəvan arasında danışıqlarda irəliləyiş Prezident İlham Əliyevin diplomatik uğurudur – pakistanlı ekspertlər

Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında
telefon danışığı baş tutub. Nazirlər, iki dövlətin liderləri
səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir
mübadiləsi aparıblar.

Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının
parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının,
habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi
qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair
razılıq əldə olunub.

Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi
ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qələbə qazandığı
ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqaz
regionunda Ermənistanın da barışmalı olduğu yeni reallıqlar meydana
gəlib. İki ölkənin xarici işlər nazirləri arasında əldə olunan
razılaşmaları bu reallıqların qəbul edilməsinin nəticəsi kimi
qiymətləndirmək olar. Onu da qeyd edək ki, əldə olunan razılaşmalar
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol
Paşinyan arasında Brüssel görüşündən sonra ardıcıl və məntiqli
addım oldu.

Bu faktı Trend-ə şərh edən Sülh Araşdırmaları və Diplomatiya
İnstitutunun rəhbəri, Pakistan-ŞƏT Dostluq Forumunun sədri,
tanınmış pakistanlı politoloq Məhəmməd Asif Nur bildirib ki, iki
ölkə XİN rəhbərləri arasında baş tutmuş telefon danışığı bölgədə
sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım
olub.

“Danışıq zamanı tərəflər, Birgə Sərhəd Komissiyasının
iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Bu, irəliyə
doğru atılmış mühüm addımdır”, – deyə Nur bildirib.

O vurğulayıb ki, ikinci mühüm razılaşma yaxın gələcəkdə sülh
müqaviləsi üzərində birgə işləyəcək işçi qrupun üzvlərinə
aiddir.

“Artıq ölkə rəhbərliyinin siyasəti sayəsində Azərbaycan Qarabağı
işğaldan azad edib, artıq irəli getmək vaxtıdır. Fikrimcə, sülh
prosesi artıq başlayıb və qarşılıqlı razılaşma əsasında şərtlərin
rəsmiləşdirilməsi mərhələsindədir”, – politoloq qeyd edib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra sülhün
bərqərar olması üçün tərəflər arasında etimadın yaradılması
istiqamətində işlər aparılıb.

“Birgə Sərhəd Komissiyasının yaradılması sərhəddə
təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələlərinin həllinə
kömək edəcək. Bu, qarşılıqlı fəaliyyətin uğuru və sərhəddə
əməkdaşlıq məsələlərini həll etmək imkanıdır”, – deyə Nur
bildirib.

Azərbaycanın siyasətinə gəlincə, o vurğulayıb ki, ölkə heç vaxt
qarşı tərəfə düşmənçilik münasibəti göstərməyib.

“Atəşkəsdən sonra Azərbaycan infrastrukturun bərpası ilə
məşğuldur. Bu, Azərbaycanın münaqişələrdən qaçmaq və sülhü təşviq
etmək istəyini, eləcə də Azərbaycanın sülhsevər ölkə kimi diqqət və
niyyətlərini əks etdiri”, – ekspert qeyd edib.

Politoloq qeyd edib ki, yüksək səviyyəli danışıqlar gələcək
istiqamətləri müəyyən edir.

“Düşünürəm ki, bu, regionda sülh prosesi üçün böyük əhəmiyyət
kəsb edəcək, Ermənistandan daha ciddi münasibət və sülh prosesinin
irəliləməsi üçün lazım olan addımlar atmaq istiqamətində sadiqlik
tələb olunur, çünki Azərbaycan artıq regionda sülhün bərqərar
olmasına sadiqliyini və hazır olduğunu bəyan edib”, – Məhəmməd Asif
Nur fikrini yekunlaşdırıb.

Öz növbəsində, “Pakistan in the World” xəbər agentliyinin
redaktoru Tazin Axtar AzerTimes-a bildirib ki, sülhə imkan yaratmaq
üçün iki ölkə arasında əlaqələrin davam etdirildiyini qeyd etmək
əlbəttə ki, xoşdur.

“Birgə Sərhəd Komissiyasının formalaşdırılması və sülh
müqaviləsi üzrə işçi qrupunun yaradılması ilə bağlı yüksək
səviyyəli razılaşma, şübhəsiz ki, iki qonşu ölkənin aralarında
körpülərin qurulması istiqamətində irəlilədiklərinə dair ümid
işığıdır”, – deyə Əxtar bildirib.

Onun sözlərinə görə, sülh və sabitliyə gəlincə, fakt budur ki,
Azərbaycan həmişə buna can atır və tarix göstərir ki, Ermənistan
keçmişdə əldə edilmiş razılaşmaları daim pozub.

“Məsələn, Ermənistan Azərbaycanın minalanmış ərazilərinin
xəritələrini verməli idi, lakin bundan yayınırdı. Hətta müharibə
başa çatandan sonra da bu səbəbdən Azərbaycanda həm hərbçilərin,
həm də mülki şəxslər həlak oldu. Azərbaycan həmişə Ermənistanla
sülhün tərəfdarıdır və Ermənistandan da eynisini gözləyir”, – Axtar
qeyd edib.

O, əlavə edib ki, xarici işlər nazirləri arasında əldə olunan
konsensus daha bir ümid işığıdır.

“Azərbaycan sülh səylərində həmişə səmimi olub. Ümid edirik və
gözləyirik ki, Ermənistan da bu məsələdə açıq və səmimi şəkildə
iştirak edəcək”, – Tazin Axtar vurğulayıb.

Teqlər: