Bakı görüşü təxirə saldı: “praktik addım” atacaq?

Bakı görüşü təxirə saldı: “praktik addım” atacaq?

Xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünün vaxtı təxirə salındı: İrəvan bunu Bakının istədiyini iddia edir, Dövlət Departamenti və rəsmi Bakı görüşün təxirə salındığını elan etsə də, İrəvanın iddiası ilə bağlı heç bir qeyd yoxdur.

Səbəb konkret açıqlanmır, hərçənd, son proseslər fonunda müəyyən fikirlər irəli sürmək olar.

Mayın əvvəlində keçirilən Vaşinqton görüşündə tərəflərin “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” məsələsində fikir ayrılığı qeydə alındı: İrəvan “beynəlxalq mexanizm” və “Xankəndi-Bakı formatı” kimi istəyini davam etdirir, Bakı qəti şəkildə imtina edir.

Bu görüşdən sonra qeydə alınan əsas məqam Əliyevin separatçılar üçün “amnistiya” təklifini irəli sürməsi, Vaşinqtonun bunu dəstəkləməsi oldu.

Bunu diplomatik masada Bakının Qarabağ məsələsi üzrə irəliləyişi kimi qəbul edə bilərik, lakin praktiki nəticələri yoxdur. Və praktiki nəticənin olmaması növbəti Vaşinqton görüşünün gündəliyinin də eyni olacağını deməyə əsas verir: İrəvan Qarabağ iddiasını “beynəlxalq mexanizm” üzərindən davam etdirəcək, Bakı imtina edəcək.

Mümkündür ki, Bakı “beynəlxalq mexanizm”, “Xankəndi-Bakı formatı” kimi məsələləri gündəlikdən çıxaracaq addımlar atmaq, daha sonra Vaşinqtonda müzakirələrə qatılmaq və ABŞ-ın dəstəkədiyi “amnistiya”nın yeganə seçim olduğunu daha güclü şəkildə irəli sürmək gedişi edə bilər.

Bu kontekstdə Qarabağdakı separatçıların hərbi müstəvidə təxribat addımlarının intensivləşdiyinə dair informasiyaların artması, mümkün praktiki addımlara zəminin yaranması diqqət çəkir.

Teqlər: