Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə daşımaların və
sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac
duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının
yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə
sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə
çıxarılır.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə
sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri
20 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu
isə 2 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 12 may 2022-ci il tarixində
müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və
onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri
səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə
bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada
müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin edilməsidir.

Teqlər: