“Bakı Enerji Həftəsi” çərçivəsində İtaliya və Qazaxıstanla enerji əməkdaşlığının inkişafı müzakirə edilib

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz
Şahbazovun İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini
Vannia Qava və Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə
görüşləri olub.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
müavini Vannia Qava ilə görüşdə Azərbaycan və İtaliya arasında
enerji əməkdaşlığının inkişafı müzakirə edilib. İtaliyanın enerji
təminatının və Avropa qaz bazarında mövqeyinin
möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP)
əhəmiyyətindən bəhs edilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın ən böyük ticarət
tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında TAP vasitəsilə
təbii qaz tədarükünün mühüm rol oynadığını bildirib. Nazir ilin
sonuna İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz
ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın
ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliya deyil,
Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının
mümkün ola biləcəyini qeyd edib.

Görüş zamanı bərpa olunan enerji sahəsində İtaliya şirkətləri
ilə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərin
minalardan təmizlənməsi prosesinə dəstəklə bağlı da fikir
mübadiləsi aparılıb.

Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə görüşdə isə
ölkələrimiz arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq
məsələləri və enerji bazarlarında vəziyyət ətrafında fikir
mübadiləsi aparılıb. Qazaxıstan enerji resurslarının dünya bazarına
nəqli ilə bağlı imkanlar dəyərləndirilib. Söhbət zamanı
Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən
tranziti ilə yanaşı mayeləşdirilmiş təbii qazının Xəzər dənizi
vasitəsilə Azərbaycana çatdırılması üzrə İşçi qrupları səviyyəsində
görülən tədbirlər də müzakirə edilib.

Teqlər: