“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Serbiya enerji əməkdaşlığına dair Saziş imzalayıb (FOTO)

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi”
çərçivəsində bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə baş tutan
görüşdə Azərbaycandan təbii qaz və neftin tədarükü, həmçinin
Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı
elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı
müzakirələr aparılıb. Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng
külək enerjisi potensialı hesabına Avropaya “yaşıl” enerjinin
ixracının mümkünlüyündən bəhs edilib. Energetika naziri Pərviz
Şahbazov bildirib ki, Xəzər dənizinin külək enerjisindən istifadə
investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq
müqavilə “yaşıl” elektrik enerjisinin ixrac imkanlarını
artıracaq.

Tədbir çərçivəsində Serbiyanın baş nazirinin müavini –
energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə də
görüş olub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin interkonnektorlarla
şaxələndirilməsinin Serbiya və Balkan ölkələri, eləcə də təchizatçı
kimi Azərbaycan üçün əhəmiyyətli olduğu vurğulanıb. Cənub Qaz
Dəhlizinə Serbiyanın inteqrasiyasına imkan yaradacaq
Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərindən, eləcə də
Serbiya- Rumıniya və digər interkonnektorlardan bəhs edilib.
Görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində
əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da
nəzərdən keçirilib.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası
Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa
dair Saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən energetika
naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş
nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana
Mixayloviç imzalayıb.

Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından
rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika
sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri,
eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların
təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin
yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəddə, həmçinin Cənub
Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın
davam etdirilməsi öz əksini tapır.

Teqlər: