Bakı axır ki, cavab verdi: Sərhəd 1975-ci il xəritəsi ilə çəkiləcək?

Bakı axır ki, cavab verdi: Sərhəd 1975-ci il xəritəsi ilə çəkiləcək?

Uzun müddətdir Baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmilərinin guya Azərbaycan və Ermənistan sərhədinin delimitasiya prosesində 1975-ci il xəritəsindən istifadə ediləcəyi və buna Azərbaycan tərəfinin də razılıq verdiyi barədə iddialarına, nəhayət, Bakıdan cavab verilib.

AzerTimes xəbər verir ki, Azərbaycan XİN-in bu gün Ermənistan TŞ katibi Armen Qriqoryana cavabında bu məsələyə ətraflı toxunulub.

Qeyd edilib ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub:

“Ümumiyyətlə, bu bəyanatlar BMT nizamnaməsinə və Almatı Bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur”.

Azərbaycan XİN açıq şəkildə bəyan edib ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq, Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında baş tutub:

“Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır”.

XİN eyni zamanda, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin qaytarılması məsələsinin xüsusi spekulyasiya edilməsi, guya Azərbaycandakı anklavlarla dəyişdirilməsi barədə Ermənistan baş nazirinin iddialarını da təkzib edib:

“30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır”.

Beləliklə, Azərbaycan XİN heç bir “barter”in müzakirə mövzusu olmadığını, Ermənistanın 8 kəndi qaytarmaq barədə “şifahi razılaşmadan” imtina etdiyini dolayısı ilə xatırladır.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan uzun müddətdir Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində olan 1975-ci il xəritəsi əsasında sərhədin delimitasiya edilməsindən bəhs edir. Bu xəritə ictimaiyyətə açıq olmadığı üçün orada konkret nələrin əks olunduğu məlum deyil. Buna baxmayaraq, İrəvanın israrla bu xəritəni gündəmə gətirməsi müəyyən şübhə və ehtimallara yol açır.

Teqlər: