Bahalaşmanın qarşısını almaq mümkün deyil

Bahalaşmanın qarşısını almaq mümkün deyil

Hazırda dünyada bahalaşmanın əsas səbəbi pandemiyaya görə başlayan qlobal iqtisadi böhrandır. Ardınca Rusiya-Ukrayna müharibəsinin olması bu prosesi daha da dərinləşdirərək inflyasiyanı sürətləndirdi.

Bu sözləri AzerTimes-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, Azərbaycanın idxaldan yüksək səviyyədə asılı olması ölkədə inflyasiyanın daha da yüksəlməsinə gətirib çıxarır:

“Buna görə xaricdə gedən proseslərin birbaşa ölkəmizə də böyük təsirləri olur. Yerli istehsal olan məhsulların bahalaşması isə iqtisadiyyatın vahid orqanizm olmasından irəli gəlir. Həmçinin, yerli istehsal olan və bəzən xammalı xaricdən gələn məhsulların da bu səbəbdən maya dəyəri artır. Xaricdən gəlməyənlərin maya dəyərinin bahalaşması isə ölkədə enerji resurslarının qiymətinin artmasından irəli gəlir.

Ət və ət məhsullarında da yem bahalaşıb. Əkin sahələri 20 il əvvəllə müqayisədə 200 min hektara qədər azalıb. İnsanların tələbatı isə əksinə artıb. Yəni ölkədəki ümumi iqtisadi durumun özü də qiymət artımına şərait yaradır.

Hazırda Azərbaycanda rəqabət mühiti də ürəkaçan səviyyədə deyil”.

İqtisadçı hesab edir ki, ölkədə və dünyada inflyasiya Rusiya-Ukrayna müharibəsi getdiyi müddətdə davam edəcək:

“Düzdür, inflyasiyanın artım tempinin 2022-ci ildəki qədər olacağını gözləmirəm. Ancaq müəyyən tempdə bu artımın şahidi olacağıq”.

E.Əmirov hazırda bahalaşmanın qarşısını almağın mümkün olmadığını da vurğulayıb:

“Əgər Azərbaycan bir çox sahələrdə müxtəlif ölkələrdən idxaldan asılılıdırsa və həmin ölkələrdə qiymət artımı müşahidə olunursa, bahalaşmanın qarşısını heç bir proqram ala bilməz”.

Teqlər: