10 noyabr 2020-ci il Üçtərəfli bəyanatının 3-cü maddəsində Qarabağda rusiyalı hərbçilərin sayı dəqiq göstərilib: 1960 nəfər. Ancaq biz bu saya heç zaman inanmadıq, sayın artdığına dair şübhələrimiz var.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, erməni separatçı-terrorçu tör-töküntülərindən biri – “xarici işlər naziri” vəzifəsini “icra edən” David Babayan Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirən yolda davam edən etiraz aksiyasına şərh verərkən, rusiyalı hərbçilərinin sayının artırılması “vacibliyini” bu şəkildə izah edib: “Rusiya hərbçilərinin sayı 1980 nəfərdir, bu azdır, erməniləri qorumaq üçün sayın artırılmasını tələb edirik”:
“1980 rəqəmi hardan peyda olub? Bu, rəsmi rəqəmdən 20 nəfər çoxdur. Erməni separatçı-terrorçusunun qəsdən yaydığı rəqəm dezinformasiya da ola bilər, həqiqəti əks etdirməsi də mümkündür. Rusiya hərbi kontingentinin komandanlığının bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var. Əlbəttə, Andrey Volkovun (Rusiya sülhməramlı kontingentinin komandanı – red.) günlərdir yoxa çıxdığı kimi, saya da aydınlıq gətirməsi ehtimalı azdır. Ancaq bizdən tələb olunan 1980 rəqəminin necə peyda olduğunu müəyyənləşdirməkdir, bu, Üçtərəfli bəyanata ziddir”.