Azyaşlıların cinayət törətməsinin qarşısının alınması üçün təlimlər başlandı

Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində
“Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən
cinayətlərin qarşısının alınması və bu işlər üzrə dövlət
ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda təlim
keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, TAIEX texniki yardım aləti çərçivəsində Avropa Komissiyası
tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciəti
əsasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən
cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə
dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda
ekspert missiyası təşkil edilib.

İspaniyadan olan ekspertlər Silviya Martinez Kanton və Vanessa
Untiyedin iştirakı ilə dəyirmi masa formatında təşkil olunmuş 4
günlük təlimdə Baş Prokurorluq, Ali Məhkəmə, Bakı Apellyasiya
Məhkəməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimləri,
habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri
iştirak edirlər.

Təlimin ilk günü tədbiri giriş nitqi ilə açan Baş prokurorun
müavini Heydər Məmmədov bildirib ki, dövlət siyasətinin prioritet
istiqamətlərindən biri olan beynəlxalq əməkdaşlığın
gücləndirilməsi, habelə qabaqcıl ölkələrin müsbət təcrübəsinin
öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru
cənab Kamran Əliyevin təşəbbüsü ilə Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən 2022-ci il və sonrakı
müddət üçün həyata keçirilməsi nəzərdə tutulmuş Avropa İttifaqının
TAİEX proqramı çərçivəsində əməkdaşlığa başlanılıb. Fərdi yanaşma
və praktiki səmərəlilik prinsipləri əsasında həyata keçirilən TAIEX
aləti İttifaqa üzv ölkələrin müsbət təcrübəsinin öyrənilməsində
mühüm vasitə kimi çıxış edir.

Heydər Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclərin iqtisadi,
sosial, mədəni və sair hüquqlarının təmin edilməsi ilə bağlı bir
sıra qanunlar qəbul edilmiş, bu sahədə milli qanunvericiliyin
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara
uyğunlaşdırılması sahəsində xeyli işlər görülmüş və Azərbaycan
Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində
yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə bir çox mütərəqqi
normalar nəzərdə tutulmuşdur. Bu xüsusda qabaqcıl ölkələrin müsbət
təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və müvafiq
ekspert missiyasının təşkili bu istiqamətdə görülən işlərin
səmərəliliyinin daha da artırılmasına yönəlib.
Daha sonra, ekspertlər tərəfindən təlimin mövzusu ətrafında
çıxışlar və təqdimatlar edilərək Avropa İttifaqının yuvenal
ədliyyəsinin ümumi prinsipləri, bu sahədə qurum və BMT çərçivəsində
formalaşmış beynəlxalq-hüquqi baza, uşaq və yetkinlik yaşına
çatmayan şəxslərin zərər çəkmiş şəxs olduqları cinsi istismar
cinayətləri ilə mübarizədə maarifləndirmənin rolu və sair mövzular
barədə geniş məlumat veriliib.

İnteraktiv formada təşkil edilmiş tədbirin cari il mayın 16-dan
20-dək keçirilməsi nəzərdə tutulur.

Teqlər: