AzTV-nin son illərdəki ən uğurlu layihələrindən biri – Şuşanı dünyaya tanıdırıq (FOTO/VİDEO)

Azərbaycan Televiziyası daha bir fərqli layihəyə imza atıb.
Budəfəki layihə “Şuşa İli”nə həsr olunub. “Şuşam mənim” adı ilə
yayımlanacaq layihə silsilə verilişlərdən ibarət olacaq.

Layihənin məqsədi erməni vandalizmini bir daha nümayiş
etdirməkdir.

Verilişin quruluşçu rejissoru Elnur Qədirovun sözlərinə görə,
layihə “Şuşa İli” ərzində yayımlanacaq: “Hər həftə efirə çıxacaq
buraxılışda Şuşanın sadəcə qədim və tarixi yerləri yox, həmçinin
bütün küçə və məhəllələri, şəhərdəki tikililər, tarixi abidələr
haqqında ən müfəssəl məlumatlar veriləcək”.

Layihənin aparıcısı professor İlham Rəhimlidir. Ona bələdçilik
edənlər Şuşanı qarış-qarış tanıyan şuşalılardır. Bu şuşalılar –
jurnalist-tədqiqatçı Vasif Quliyev və professor Elçin Əhmədovdur.
Verilişin quruluşçu rejissoru Elnur Qədirov, rejissoru Tərlan
Tağıyev, quruluşçu operatoru Nicat Nağızadə, operatoru isə Həsənağa
Tağıyevdir.

Layihənin fortmatından danışan İlham Rəhimli deyib: “Çalışırıq
ki, söhbətlərimiz quru, sxemativ olmasın. Bəzən mübahisələr də
edirik, bəzən faktlar haqqında daha dəqiq məlumat vermək üçün
bir-birimizin cavablarını tutuştururuq və ortaq məxrəcə gəlirik.
Bir sözlə, çalışırıq ki, “Şuşam mənim” layihəsi AzTV-nin son
illərdə gördüyü uğurlu yaradıcılıq işləri ilə həmahəng olsun”.

Verilişdə bələdçilik edən şuşalı Elçin Əhmədov deyir ki, 28 il
ərzində tez-tez yuxusunda Şuşanı görürmüş: “Yuxudan həyəcanla
ayılanda bir xeyli özümə gələ bilmirdim. Şuşalıların (qalalıların)
“Güllü bağ” adlandırdığı yer evimizdən 30-40 addım məsafədə idi.
Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o güllərin qoxusu ora
çatmamış “Qarabağ” mehmanxanasının pilləkənlərinə qədər gəlirdi.
Bütün uşaqlığım o yerlərdə keçib. Şəhərin mərkəzində Bazarbaşı
deyilən yerin, “Güllü bağ”ın, Saatlı məscidinin yanında…”


Onun sözlərinə görə, şəhərdə 17 məhəllənin bütün qədim evlərinin
böyük bir hissəsi yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə izi belə
qalmayıb. Tarixi-memarlıq abidələrimiz də dağıdılıb və ya məhv
edilib: “Xüsusilə, Şuşada şəhərin mərkəzi hissəsində yerləşən bizim
“Mamayı” məhəlləsindəki iki əsr yaşı olan qədim evlər 1992-ci ildən
sonra, yəni işğal dövründə məqsədli şəkildə erməni ünsürlər
tərəfindən vəhşicəsinə yer üzündən silinib. “Mamayı” məhəlləsindən
aşağı düşəndə şəhərin mərkəzi – “Bazarbaşı”na az qalmış Saatlı
məscidinə qədər olan hissədə dövlət tərəfindən qorunan bütün iki
əsrlik tarixi yaşayış evləri kimi, bizim Üzeyir Hacıbəyli küçəsi, 7
ünvanındakı evimizi də erməni acgöz, vəhşi ünsürlər söküb, qədim
daşlarını, yəqin ki, Ermənistana aparıb və ya digər ölkəyə
satıblar”.

Layihə çərçivəsində il ərzində – “Şuşa şəhərsalma mədəniyyətinin
nadir nümunəsi kimi – Şuşanın məscidləri”, “Şuşanın
karvansaraları”, “Şuşanın bulaqları”, “Şuşa sənətkarlığı”, “Şuşada
xalçaçılıq, “Şuşanın ticarət əlaqələri”, “Şuşanın saray və
imarətləri”, “Şuşada maarifçilik”, “Şuşa qəza (şəhər) məktəbi
Qafqazda ilk dünyəvi təhsil ocağı kimi”, “Şuşanın ənənələri –
Şuşada ədəbi-bədii məclislər”, “Şuşanın tarixi-memarlıq abidələri,
“Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan
Şuşanın görkəmli şəxsiyyətləri” mövzusunda verilişlər efirə
gedəcək.

“Şuşam mənim” 16 fevral saat 21:00-da AzTV-də yayımlanacaq.

Teqlər: