“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqlayıb

Azpetrol şirkətinin Baş Direktoru Ceyhun Məmmədovla
müsahibə

– “Azpetrol” şirkəti 25 ilə yaxındır ki, bazardadır. Bu
müddət ərzində Şirkət Azərbaycanda ən böyük yanacaqdoldurma
məntəqələri şəbəkəsinə çevrilməyi bacarıb. Bilmək istərdik ki,
hazırda “Azpetrol” şəbəkəsinə neçə yanacaqdoldurma məntəqəsi
daxildir?

– Bəli, “Azpetrol” şirkəti artıq 25 ildir ki, Azərbaycanın
yanacaq bazarında fəaliyyət göstərir. Bu il biz, yubileyimizi qeyd
edirik. Şirkətimizin ilk yanacaqdoldurma məntəqəsi – “Spartak”,
1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva
prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Azərbaycanın iqtisadi
məkanına daxil olan “Azpetrol” şirkətinın əsas fəaliyyəti yanacağın
pərakəndə və topdan satışını həyata keçirməkdən ibarətdir.
Respublikada yanacaq bazarı həcminin əhəmiyyətli hissəsi
şirkətimizin payına düşür. Azərbaycanın ən böyük yanacaqdoldurma
şəbəkəsi olan “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər
iqtisadi zonalarında ümumilikdə 91 yanacaqdoldurma məntəqəsi, 3
maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda
sərnişindaşımaya xidmət edən 1 sıxılmış təbii qaz terminalı,
yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası,
yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma
məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 ədəd
nəqliyyat vasitəsi, minik maşınları üçün Avtosahə mövcuddur.
Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii
qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin
enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif
xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri
(kafe, avtoyuma, market) fəaliyyət göstərir.

– Şəbəkənin genişləndirilməsi ilə bağlı qısa və
uzunmüddətli planlar hansılardır?

– Təbii ki, sloqanı “Daim inkişafa doğru!” olan Şirkətin
strateji inkişaf planı, yalnız irəli və yalnız inkişafa aparan
uğurlara hesablanmışdır. Şirkətimiz hələ 25 il əvvəl yarandığında o
zaman üçün ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu
tendensiya indi də davam edir, avadanlıqlar müasirləşdikcə,
“Azpetrol” şirkətinin şəbəkə xidməti də istifadə etdiyi
avadanlıqları və xidmət növlərinin çeşidlərini və keyfiyyətini
artırır. Şirkətimiz tərəfindən aparılan bazar araşdırmalarının
nəticələrinə uyğun olaraq, hazırda tərəfimizdən əhatə olunmayan
digər ərazilərdə də yeni və ən müasir standartlara uyğun olan
yanacaqdoldurma məntəqələri istismara veriləcəkdir.

Onu da qeyd etmək istərdim ki, ictimai nəqliyyatın keyfiyyətinin
yüksəldilməsinə öz tövhəsini vermək məqsədi ilə, 4 aprel 2021-ci il
tarixində“BakuBus” MMC-nin avtobus dayanacağında STQ (Sıxılmış
Təbii Qaz – CNG) terminalı, 22 fevral 2022-ci il tarixində isə “Xaliq Faiqoğlu” MMC-nin avtobus bazasında yanacaqdoldurma
məntəqəsi (YDM) istifadəyə verilmişdir. Bu obyektlərin istismara
verilməsində məqsəd, ictimai nəqliyyatda sərnişindaşımanın
fasiləsiz və keyfiyyətli fəaliyyətinə dəstək olmaqdan
ibarətdir.

Nəzərinizə çatdlrım ki, şirkətimiz əldə etdiyi nəaliyyətlər və
bazarda əldə etdiyi şəbəkə sayına görə liderlik mövqeyinı daha da
möhkəmləndirmək niyyətindədir. Belə ki, iyul ayında “Azpetrol”
şirkətinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni
yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılıb istismara
veriləcəkdir, iyun ayında isə Ağcabədi rayonunda yeni
yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanılacaqdır.

Bundan əlavə, “Azpetrol” şirkəti şəhərimizin turizm
potensialını, o cümlədən paytaxtımızda keçirilən beynəlxalq
tədbirlər fonunda günbəgün artan tələbi nəzərə alaraq, ilk dəfə
olaraq 2022-ci ilin sonunda Nizami rayonu, Mikayıl Əliyev 24/05
ünvanında 6 mərtəbəli, 89 otaq tutumlu Hotel, SPA və İdman
mərkəzini istifadəyə verəcək. Bununla da, şirkətimiz növbəti ilkə
imza atacaq.

– Bildiyimizə görə, “Azpetrol” şirkəti 2002-ci ildən
etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ və
2011-ci ildən isə “Petrol Plus Online“ proqramlarının tətbiqinə
başlamışdır. Hazırda “Azpetrol” şirkətinin dövriyyədə olan kartları
və eyni zamanda ümumilikdə nağdsız hesablaşmalar üzrə aprılan işlər
barədə hansı məlumatları verə bilərsiniz?

– Qeyd etmək istərdim ki, Respublikada ilk dəfə olaraq yanacağın
onlayn sistem vasitəsi ilə satışı məhz “Azpetrol” şirkəti
tərəfindən tətbiq olunmuşdur və bu praktika nəticəsində kifayət
qədər uğurlu nəticələr əldə edilib. Hal-hazırda dövriyyədə
şirkətimizin 150 000-dən artıq yanacaq smart kartı və bu kart
sistemini dəstəkləyən daxili prosessinq mərkəzi mövcuddur. Bu rəqəm
günbəgün artır.

23.12.2016-ci il tarixli “Nağdsız hesablaşmalar haqqında
Azərbaycan Respublikasının Qanunu”, eləcə də, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nağdsız
ödənişlər dövriyyəsinin artırılması siyasətinin tələblərinə uyğun
olaraq,“Azpetrol” şirkəti bu sahədə daim işlər aparır, nağdsız
hesablaşmaları stimullaşdırmaq məqsədilə müştərilərə keyfiyyətli və
əlçatan xidmətlər təklif edir.

Müştəri məmnuniyyəti səviyyəsinin yüksək saxlanılması məqsədilə,
“Azpetrol” şirkəti, Azərbaycanda yanacaqdoldurma məntəqələri
arasında ilk dəfə olaraq 2017-ci ilin sentyabr ayından“Hədiyyə
kartlarının” tətbiqinə başlamışdır. Bu kartlar 50 AZN və 100 AZN
nominaldadır və sürücülər üçün ideal hədiyyədir. Şirkətimiz hazırda
müştərilərə təqdim ediləcək yeni, daha müasir və daha innovativ
layihələrin üzərində iş aparır.

Onu da vurğulamaq istərdim ki,şirkətimizin ümumi satış
dövriyyəsinin 55%-ni nağdsız hesablaşmalar təşkil edir, ümumi,
Respublika üzrə isə POS-terminallar üzərindən aparılan nağdsız
hesablaşmaların 3%-i “Azpetrol” şirkətinin payına düşür. 2022-ci
ilin ilk 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə
POS-terminallar vasitəsi ilə nağdsız hesablaşmalarla satış həcmi
90%-ə qədər artmışdır. Hesab edirəm ki, bu əhəmiyyətli göstəricidir
və Azərbaynanın ən iri yanacaqdoldurma məntəqələrin şəbəkəsinə
malik olan şirkət kimi, ölkəmizdə nağdsiz ödənişlər dövriyyəsinin
artırılmasına tövhəmizi verməkdə davam edəcəyik.

– İşğal olunmuş ərazilərin azad edilməsi Ölkə qarşısında
iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bir çox vəzifələr
qoyub – enerji, qaz və su təchizatı, yol infrastrukturu, tikinti
layihələri və sair. Təbii ki, azad edilmiş ərazilərdə aparılan
tikinti və abadlıq işləri ilə əlaqədar olaraq yanacaq məhsullarına
da təlabat artır, bu işlər genişləndikcə, ərazilər inkişaf etdikcə
bu ehtiyac daha da artacaqdır. Azad olunmuş ərazilərdə
yanacaqdoldurma məntəqələrinin tikilməsi, şəbəkənin yaradılması ilə
bağlı hansı planlarınız var?

– “Azpetrol” şirkəti olaraq hər bir azərbaycanlı vətəndaş kimi,
Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi
Zəfər ilə qürur duyuruq. 44-günlük Vətən müharibəsində bizim
şirkətimiz də şəhidlər verdi və hazırda şəhid əməkdaşlarımızın ailə
üzvlərinin sosial rifahı daim diqqət və nəzarət altındadır.
İşğaldan azad olunmuş ərazilərdə yeni yanacaqdoldurma
məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur. Yeni məntəqələr həm
ənənəvi stasionar məntəqələr, həm də şirkətimiz üçün yenilik olan
səyyar (mobil) məntəqələrdən ibarət olacaqdır. Odur ki, qısa müddət
ərzində azad olunmuş Qarabağ torpağında “Azpetrol” brendi öz yerini
tutacaqdır.

– “Azpetrol” Azərbaycan bazarında iri və köklü
şirkətdir. Şirkətin ölkədən kənarda, məsələn, qonşu ölkələrin
birinin YDM bazarlarına çıxmaq planları varmı?

– Azpetrol şirkətinin ilk yarandığı gündən əsas məqsədi daxili
bazarın tələbatını ödəməkdən ibarətdir. Xarici bazarlara çıxışla
bağlı planlar şirkətin üzünmüddətli strategiyasında nəzərdə
tutulmayıb. Yuxarıda qeyd etdiyim kimi, məqsədimiz Azərbaycan
Respublikasının bütün ərazilərində yanacaqdoldurma məntəqələrinin
yaradılması və xalqımıza keyfiyyətli xidmətin təqdim edilməsindən
ibarətdir.

– Hazırda bütün dünyada ənənəvi enerji mənbələrindən
tədricən imtina edilməsindən, alternativ enerji mənbələrinə
keçiddən, atmosferə atılan tullantıların azaldılmasından və
elektromobillərə keçiddən danışırlar. Azərbaycanda hibrid
avtomobillərin mövcudluğu xeyli artıb, elektromobillərdən də artıq
istifadə olunur. Bu fonda şirkət mövcud tendensiyalara və dəyişən
bazar şərtlərinə necə uyğunlaşır? Zamanın tələblərinə cavab vermək
üçün hansı tədbirlər həyata keçirilir?

– Bəli, bütün dünyada, o cümlədən Azərbaycanda da bu tendesiya
müşayət olunur. Ən böyük xidmət şəbəkəsinə malik olan “Azpetrol”
şirkətinin respublikamız ərazisində fəaliyyət göstərən 17
yanacaqdoldurma məntəqəsində elektrik doldurma stansiyaları
quraşdırılıb. Nəzərinizə çatdırım ki, şirkətimiz elektromobillərə
xidmət məntəqələrinin sayına görə də bazarda liderlik mövqeyini
əldə edə bilib. Ümumi 17 elektrik doldurma stansiyalarının üçü
regionlarda (“Şamaxı” YDM, “Kürdəmir ASAN” YDM və “Salyan” YDM)
fəaliyyət göstərir. Daha bir elektrik yükləmə stansiyası
“Sumqayıt-1 YDM” (Bakı-Sumqayıt yolu) ərazisində fəaliyyət
göstərir. Bakıya gəldikdə isə, elektromobillərə xidmət üçün 13
yükləmə stansiyası quraşdırılıb. “Azpetrol” şirkətinin strateji
inkişaf planı çərçivəsində elektrik doldurma stansiyalarının
sayının və əhatə dairəsinin genişlənməsi təbii ki, nəzərdə
tutulmuşdur və bu planın həyata keçirilməsi ölkədə
elektromobillərin sayının, yəni tələbatın artmasından asılı
olacaqdır.

– Cəmiyyətdə həmişə müzakirə olunan mövzulardan biri
yanacağın keyfiyyəti və onun qiyməti ilə bağlı məsələlərdir. Bilmək
istərdik ki, bazarda mövcud yanacağın keyfiyyətini necə
qiymətləndirirsiniz?

– Məlumdur ki, ölkəmizdə hazırda Aİ-92 markalı benzin və dizel
yanacağı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev
adına Neft Emalı Zavodunda (NEZ) istehsal olunur və istehsal olunan
yanacaq müvafiq standartlara cavab verir. Zavodunun
“Modernizasiyası və yenidənqurulması” layihəsi çərçivəsində hazırda
NEZ ərazisində irimiqyaslı yenidənqurma və modernizasiya işləri
aparılır və bütün bü işlərin nəticəsi olaraq, ölkəmizdə istehsal
olunan yanacağın keyfiyyətinin daha da yüksəlcəyini vurğulamaq
lazımdır.

– Qiymətə gəlincə, benzin və ya dizel yanacağının
qiymətinin artırılması gündəmdədir? Neft qiymətilərinin kifayət
qədər yüksək olması ölkədə benzin və dizel yanacağının qiymətinin
artmasına səbəb ola bilərmi?

– “Azpetrol” şirkəti Azərbaycanda ən böyük yanacaqdoldurma
şəbəkəsi olan şirkətdir. Bizim fəaliyyətimiz sürücülərə AI-92,
dizel yanacağı və Premium markalı yanacağın satışını həyata
keçirməkdən ibarətdir. Bildiyiniz kimi, AI-92 markalı və dizel
yanacağının qiyməti Azərbaycan Respublikası Tarif Şurası təfindən
müəyyən olunur, Premium markalı, Avropadan idxal olunan yanacağın
qiyməti isə Avropa bazarlarında “Platts European Marketscan”- a
uyğun dəyişə bilər. Buna görə də yanacağın qiyməti ilə bağlı
proqnoz vermək çətindir..

– Müştərilərlə işləmək daimi diqqət və xidmət
keyfiyyətinin yüksəldilməsini tələb edən prosesdir. Yüksək
keyfiyyət və xidmət biznes sahibi üçün uğurun açarıdır. Şirkətiniz
xidmətlərin keyfiyyətini artırmaq üçün hansı işlər görür? Hazırda
“Azpetrol”-da neçə işçi çalışır? İşçilərin ixtisasının artırılması
istiqamətində hansı tədbirlər görülür?

– Hazırda “Azpetrol” şirkətinin 3300 yaxın işçisi var. Kadr
potensialının artırılması və işçilərin peşəkar bacarıqlarının
inkişaf etdirilməsi şirkətimizin prioritet istiqamətlərindədir.
Şirkətimizin Təlim – Tədris Mərkəzinin fəaliyyəti məhz insan
resurslarının daim inkişafı, müasir bilik və bacarıq standartlarına
uyğunlaşdırılmasından ibarətdir. Qeyd etmək istərdim ki, bütün yeni
işçilərimizin yolu Təlim-Tədris Mərkəzindən keçir. İşçilər peşə
fəaliyyətlərinə uyğun olaraq təlimatlandırılır, sonra iş yerlərinə
göndərilir. Bunda başqa şirkətdə artıq bir müddət çalışan işçilərin
də peşə bacarıqlarını inkişaf etdirilməsi üçün mütəmadi təlimlər
təşkil olunur.