Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə
Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi, müəllimlər,
universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart –
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu gün Quba rayonuna
səfər edib. Səfər zamanı Universitetin nümayəndə heyəti 1918-ci
ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş
soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba
Soyqırımı Memorial Kompleksini ziyarət edib, məzarlığın önünə tər
çiçəklər düzüblər.
Əcnəbi gənclər kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə
ekskursiya ediblər. Ekskursiya zamanı gənclər muzey
ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı
yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların
nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları,
soyqırımı əks etdirən şəkillərlə tanış olublar, onlara 1918-ci ildə
baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar
əsasında ətraflı məlumat verilib. Muzey əməkdaşları erməni
quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ,
Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata
keçirdikləri kütləvi qətliamlardan, 12 minə yaxın insanın
öldürülməsindən, mindən artıq kəndin yandırılması və
dağıdılmasından danışıblar. Diqqətə çatdırılıb ki, Soyqırımı
ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı
ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların
Soyqırımı Günü elan edilib.
Tələbələrə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba
Soyqırımı Memorial Kompleksi barədə də geniş məlumat verilib.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də
ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən
kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar
nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə
qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni
millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz
siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq,
gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı
qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində
“Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam
verib. 18 yanvar 2018-ci ildə isə dövlət başçısı 1918-ci il 31 Mart
– Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam
imzalayıb.