Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə
fondu bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
magistr tələbələri üçün “Qarabağın tarixi-memarlıq irsi” mövzusunda
ikinci seminar keçirib. Fondun icraçı direktoru Orxan Naqdiyev
giriş sözü ilə tədbiri açaraq rəhbərlik etdiyi fondun tarixi,
fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirdiyi
layihələrdən danışıb. O.Naqdıyev hazırda fond tərəfindən Azərbaycan
Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra
olunan “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği
məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə
tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət
planı barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədov çıxışında
işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsi ilə bağlı
gəncləri bilgiləndirib. Bu bölgənin coğrafi, iqtisadi, ekoloji
əhəmiyyətinə toxunan professor ölkə rəhbərliyi tərəfindən həmin
ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma layihələrinin icrasına
başlandığını xüsusi qeyd edib.
AzMİU-nun kafedra müdiri, professor, Əməkdar memar Səbinə Hacıyeva
seminarın mövzusuna uyğun olaraq Qarabağ bölgəsində yerləşən
tarixi-memarlıq abidələrindən, onların tarixindən, işğala qədərki
vəziyyətindən danışıb. Professor çıxışında 30 illik işğal
müddətində erməni vandalları tərəfindən dağıntılara məruz qalan,
saxtalaşdırılan, erməniləşdirilən memarlıq irsimizin bərpası və
qorunması məsələlərinə toxunub, bu istiqamətdə görüləcək işlərə,
həyata keçiriləcək layihələrə diqqət çəkib.
Seminarda iştirakçılara mövzu ilə bağlı layihə çərçivəsində çap
edilmiş bukletlər və seminar materialları təqdim edilib.
Məlumat üçün qeyd edək ki, Memarlıq, inşaat elminə və tədrisin
inkişafına yardım xeyriyyə fondunun QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin
tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar
tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili”
layihəsinin əsas məqsədi memar tələbələrin Qarabağ bölgəsinin
tarixi-memarlıq abidələri haqqında məlumatlılığının artırılması,
onların qorunub saxlanması, gələcək nəsillərə ötürülməsində
gənclərin məsuliyyətinin artırılması və bu abidələrin beynəlxalq
aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin
təşkilidir.
Bu məqsədə nail olmaq üçün layihədə ən əvvəl gənclərin bu bölgənin
tarixi-memarlıq abidələri haqqında bilgilərini artırmaq üçün 2
saatlıq seminarlar təşkil olunacaq. Eyni zamanda bu bölgənin
tarixi-memarlıq abidələri haqqında geniş məlumat və bu tarixi
abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında rolu, milli
mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə
ötürülməsində gənclərin məsuliyyəti kimi məsələləri özündə əks
etdirən 1500 nüsxə bukletin çap edilərək paylanılması təşkil
ediləcək. Sonra isə “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq
və onu təbliğ edək” devizi altında Ağdam və Şuşa səhərlərinə
səyahətlər təşkil ediləcək. Səyahətdən sonra bu tarixi
abidələrimizi öz gözləri ilə görmüş gənc memar tələbələr çəkdikləri
foto şəkilləri, videoları sosial şəbəkələrdə yaymaqla geniş dünya
ictimaiyyətini məlumatlandıracaq və maarifləndirmə kampaniyasını
həyata keçirəcəklər. Sonda məlumatlandırma-maarifləndirmə
kampaniyasının qalibləri təşkil olunmuş komissiya tərəfindən
qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən
ediləcək. Qalib olan memar tələbələr qiymətli mükafatlar, qalan
iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqdır.