AzMİU-nun iki komandası Teknofest Azərbaycan festivalında uğurlu çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ
Biznes İnkubator Mərkəzinin rezidentləri olan “Kalibr” və “Bozkurt
Yardım” layihələri Teknofest-2022 müsabiqəsinin birinci mərhələsini
uğurla başa vurub. Universitetin müəllimi, eyni zamanda Mərkəzin
əməkdaşı Ramin Əkbərovun Green Tech müsabiqəsində A kateqoriyası
üzrə mentorluq etdiyi “Flusi” layihəsi də növbəti mərhələyə keçib.
Komandalar ilkin mərhələdə yüksək bal toplayaraq, ölkəmizdə 26-29
may 2022-ci il tarixində baş tutacaq “TEKNOFEST Azərbaycan”
festivalı çərcivəsində müsabiqənin növbəti “Video hesabat”
mərhələsinə vəsiqə qazanıblar.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara,
pilotsuz uçan aparatlardan model peyk yarışmasına qədər müxtəlif
kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz
layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar
üzrə çoxlu sayda müsabiqələr keçiriləcək.

Məlumat üçün qeyd edək ki, regionun ən böyük texnologiya
festivalı ‘’TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk
Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət
qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci
ildən etibarən hər il keçirilir. Bu il ilk dəfə olaraq Azərbaycan
bu festivala ev sahibliyi edəcək. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə
ərsəyə gələn ‘’TEKNOFEST’’ Aerokosmik və Texnologiya festivalında
müxtəlif kateqoriyalar üzrə 10 müsabiqə keçiriləcək.

Teqlər: