Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
İclası Elmi Şuranın sədri, professor Gülçöhrə Məmmədova açıb və iclasın gündəliyi ilə bağlı Şura üzvlərini tanış edib.
Şura sədri gündəliyə keçməzdən əvvəl bu yaxın günlərdə universitetimizin İctimai fənlər kafedrasının dosenti, Ağsaqqallar Şurasının sədri Bəhram Avılovun dünyasını dəyişdiyini dərin hüznlə bildirdi. O, Bəhram Avılovun həm təcrübəli müəllim kimi tədrisdəki fəaliyyətindən, həm də universitetimizin ictimai həyatındakı rolundan danışdı. Onu metodist müəllim, bacarıqlı təşkilatçı, gözəl bir insan kimi xatırladı və Allahdan ona rəhmət dilədi.
İclasda “2020-ci il ərzində Universitetin elmi fəaliyyətinin nəticələrinin analizi və prioritet istqamətləri üzrə inkişafı” mövzusunda hesabat dinlənilib. Hesabat məruzəsi ilə AzMİU-nun Elmi-tədqiqat şöbəsinin müdiri, dosent Nərmin Rzayeva çıxış edib.
Gündəliyə uyğun olaraq Strateji inkişaf üzrə prorektor Ülkər Səttarovanın “Universitetdə problemyönümlü təhsil metodunun tətbiqi və bu sistemə akademik heyətin, eləcə də tələbələrin cəlb edilməsi” adlı məruzəsi dinlənilib.
Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev “2020/2021-ci tədris ilində bakalavr və magistrantların təcrübələrinin təşkili və yekunlarına dair hesabatını təqdim edib. Hesabatlar dinlənildikdən sonra məruzələr ətrafında müzakirələrə başlanılıb, fikir mübadiləsi aparılıb.
aha sonra Elmi Şuranın katibi Nigar Aslanova kafedralarda vəzifə tutmaq üçün müsabiqə elanına əsasən təqdim olunmuş namizədlər haqqında məlumat verib.
Elmi Şura üzvləri müsabiqəyə təqdim olunan namizədlərə gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.
İclasın sonunda Şura sədri qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.