AzMİU-da “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı anım tədbiri keçirilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə
Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Xocalı
faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – qan
yaddaşımız!” adlı tədbir keçirilib. Tədbirdə universitetin
professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik
sükutla yad olunması ilə başlayıb. THİK sədri Bayram Aslanov
tədbiri açıq elan edib, Xocalı faciəsinin tariximizin qanlı
səhifəsi olduğunu, bu dəhşətli faciənin yaddaşımızdan
silinməyəcəyini vurğulayıb.

Tədris işləri üzrə prorektor Akif Qasımov çıxışında Xocalı
həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm
vəzifələr düşdüyünü qeyd edib və gəncləri vətənpərvər olmağa
səsləyib. Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı aktı kimi
dünyada tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları
atdığını qeyd edən A.Qasımov Ümummilli lider Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından
çıxaraq Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının
dünya ictimaiyyətinə çatdırılmasını yada salıb. Qeyd edib ki, məhz
Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi
qiymət verilib, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı
Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı
Soyqırımı Günü” elan olunub. Prorektor çıxışında 44 günlük Vətən
müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında
müzəffər Ordumuzun, qəhrəman oğullarımızın ermənilərdən Xocalı
şəhidlərinin qisasını aldıqlarını, onların qanının yerdə
qalmadığını xüsusi vurğulayıb.


Çıxışlardan sonra THİK-in özfəaliyyət klubunun üzvlərinin
hazırladığı Xocalı hadisələrinə həsr olunmuş videoçarx və səhnəcik
nümayiş olunub.

Tədbirdə iştirak edən Xocalı faciəsinin canlı şahidi,
universitetimizin əməkdaşı Nəcibə Əliyeva o gecədə gördüyü
dəhşətlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıb, həmin
günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç
zaman unudulmayacağını bildirib.

Teqlər: