Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
Tələbə və magistrantların 44-cü elmi konfransı öz işinə başlayıb.
Açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova,
prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr
iştirak edib.
Konfransı giriş sözü ilə açan universitetin Tələbə Elmi
Cəmiyyətinin sədri Reyhan Əkbərova tədbirin əhəmiyyətindən
danışaraq konfransın ümummilli lider Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunduğunu qeyd edib. Ənənəvi
qaydada hər il keçirilən konfransa bu dəfə də gənclərin maraq
göstərdiyini, təqdim olunan məqalələrin səviyyəsinin ilbəil
yüksəldiyini yaxşı hal kimi qiymətləndirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova hər il mayda ulu
öndərin doğum günü münasibəti ilə tələbə və magistrantların
respublika elmi konfransının keçirildiyini, gənclərin elmi
yaradıcılığına daim diqqət göstərildiyini qeyd edib. Rektor
bildirib ki, tələbə və magistrlər məqalələrini, elmi-tədqiqat
işlərinin nəticələrini konfranslarda tanınmış mütəxəssislərin
iştirakı ilə müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayır. Konfrans
iştirakçılarına uğurlar arzulayan Gülçöhrə Məmmədova tələbə və
magistrantlara daim öz üzərlərində çalışmağı, bilik və
bacarıqlarını artırmağı, rəqəmsal bilikləri, dünyanın aparıcı
xarici dillərini mükəmməl öyrənməyi tövsiyə edib.
Salamlama çıxışlarından sonra konfransın proqramına uyğun olaraq
plenar iclasın məruzələri dinlənilib. MİT fakültəsinin tələbəsi
Rəhimağa Babayev “Heydər Əliyev və Azərbaycanda iqtisadi dirçəliş”,
Memarlıq fakültəsinin magistr tələbəsi Nərmin Xəlilova “Qarabağın
memarlıq irsinin mühafizəsi”, Nuranə Babazadə və Günay Mirhəsənova
ortaq hazırladıqları “Böyükşor gölünün sahilində tələbələr üçün
salınan asudə vaxt mərkəzinin memarlıq-landşaft-mühəndis layihəsi”
mövzularında məruzələrini təqdim ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib, iclaslarda
tələbə və magistrlərin 659 məzurəsi 19 bölmədə dinlənilib və
müzakirə edilib.