Bu gün İsveçrənin “S.A.Partners” şirkətinin rəhbəri Tomas
Kovarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və
İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin
professor-müəllim heyəti ilə görüşüb. Görüşdə isveçrəli memarlar
Martin Zimmeri və Basil Spiess də iştirak edib.
Fakültənin dekanı, professor Zahidə Məmmədova qonaqları
salamlayaraq onların səfərinin məqsədini açıqlayıb. Dekan məlumat
verib ki, “S.A.Partners” şirkəti Qarabağda və Şərqi Zəngəzurda
aparılan bərpa və yenidənqurma işlərinə cəlb olunan xarici
şirkətlərdən biridir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
dəvəti ilə ölkəmizə səfər edən isveçrəli memarlara Qubadlı,
Kəlbəcər və Zəngilanın Baş planının hazırlanması tapşırılıb.
“Universitetə gəlişlərinin səbəbi də bu işdə yerli, təcrübəli və
peşəkar memarlardan məsləhət və dəstək almaqdır”.
Z.Məmmədovanın təqdimatından sonra hər 3 rayonun işğaldan sonra
çəkilmiş yeni görüntülərindən ibarət qısa videoçarxlar nümayiş
olunub. Görüşdə iştirak edən AzMİU-nun professorları – Memarlar
İttifaqının sədri Elbay Qasımzadə, Sovet dönəmində Şuşanın Baş
planının hazırlanmasında iştirak edən professor Nizami Nağıyev,
professor Aybəniz Həsənova nümayiş olunan kadrlar üzərindən əcnəbi
həmkarlarına vacib tövsiyələrini veriblər, Baş plan hazırlayarkən
ərazinin yalnız iqlim və relyefini deyil, eyni zamanda spesifik
yerli xüsusiyyətləri, əhalinin məşğuliyyəti, məişəti və digər
məqamları nəzərə almağı məsləhət görüblər. Dizayn kafedrasının
professoru Yeganə Hacıyeva həmkarlarına bu məsələdə çox həssas
olmağı, 30 ildən sonra yenidən qurulacaq şəhər və kəndlərdə
keçmişlə gələcəyin vəhdətini uğurlu şəkildə icra etməyi, Memarlıq
konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə
Hacıyeva adıçəkilən şəhərlərdə memarlıq abidələrinin olduğunu,
həmin abidələrin bərpasında arxiv materiallarından istifadə
olunmasını, ənənələrin qorunmasını təklif edib.
Tomas Kovari və tərəfdaşları görüşdə səsləndirilən təklifləri
müsbət dəyərləndiriblər, iş prosesində bu məsləhətlərdən
yararlanacaqlarını bildiriblər, belə bir şərait yaratdığı üçün
Universitetin rəhbərliyinə təşəkkür ediblər.
Görüşün sonunda isveçrəli memarların hazırladıqları, hər 3
şəhərin Baş planını əks etdirən görüntülər nümayiş olunub.