“Azərsu”nun əməkdaşı bıçaqlandı

Xəbər - Fərid Zöhrabov -Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərin ödənişə
cəlb edilməsi məqsədilə aparılan maarifləndirmə və təbliğat
işlərinə baxmayaraq ödənişdən yayınan bəzi abonentlər xidməti
vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı
kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.
Abonentin kobud rəftarı və fiziki təzyiqlərinə bu dəfə Abşeron
Sukanal İdarəsinin əməkdaşları məruz qalıb.

Trend xəbər verir ki,
Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş yaşayış massivi ev 6 b
mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı
xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Yığılmış
borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent
borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın
tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş
əmri yaradılıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin
ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının
dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan
Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı
Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət
yetirib.

“Azərsu” ASC-nin digər əməkdaşına qarşı fiziki təzyiq Abşeron
rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudov tərəfindən törədilib.
210 manat borc olan abonentə dəfələrlə xəbərdarlıq edilsə də o,
buna məhəl qoymayıb ödənişdən imtina edib. Növbəti dəfə Abşeron
Sukanal İdarəsinin əməkdaşları yenidən həmin ünvanda olub. İdarənin
əməkdaşı Elbrus Allahverdiyev abonentin borcunun ödənilməsinin
vacibliyini bildirdikdə abonent Müzəffər Mahmudovun qəfil zərbəsinə
tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi
sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım
göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın
araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət
olunub.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən
asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən
əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə
hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə
orqanlarına müraciət olunacaq.

Abonentlərin diqqətinə çatdırılır ki, yaranmış debitor borcların
hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli
sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu
imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə
bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.

Teqlər: