“Azərkosmos” kosmik agentliyinin əməkdaşları tələbələr üçün infosessiya keçirib (FOTO)

Bu gün Azərkosmos kosmik agentliyinin əməkdaşları Azərbaycan
Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya
texnologiyaları fakültəsinin tələbələri üçün infosessiya keçirib.
Tədbirdə Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Orxan Naqdiyev, MİT fakültəsinin əməkdaşları,
agentliyin Strateji inkişaf və planlaşdırma Departamentinin rəhbəri
Natəvan Həsənova, Peyk və yerüstü qurğuların idarə edilməsi
departamentinin mühəndisi İlkin Alıyev, SGAC-nin Azərbaycan üzrə
nümayəndəsi Əli Məmmədov iştirak edib.

Natəvan Həsənova agentliyin fəaliyyəti, idarəçiliyində olan
“Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə
göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin
məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib.
Bildirib ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan
Azərkosmos ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün
yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral
ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən
“Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində
yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya
regionlarını əhatə edir. N.Həsənova çıxışında ölkəmizin 2023-cü
ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi
etmək hüququnu qazandığını xəbər verib.

Agentliyin mühəndisi İlkin Alıyev isə tələbələrə kosmosun
faydaları və əhəmiyyəti, kosmosa buraxılan peyklər, onların
istehsalı, istifadə müddətləri barədə məlumat verib. İ.Alıyev
ölkədə kosmik fəaliyyət sahəsində Azərkosmosun rolu,
maarifləndirici layihələr, tələbələr üçün karyera imkanlarından da
danışıb.

SGAC-nin Azərbaycan üzrə nümayəndəsi Əli Məmmədov isə çıxışında
tələbələri qurumun təşkil etdiyi layihələrlə bağlı məlumatlandırıb,
onları bu layihələrdə fəal iştirak etməyə səsləyib.

Teqlər: