“Azəriqaz” sosial şəbəkələrdəki tənqidlərə münasibət bildirib

Son günlər sosial şəbəkələrdə Birliyin ünvanına əsaslı və ya
əsassız şəkildə səsləndirilən fikirlərə verilən reaksiyalar
lazımsız fikirlər formalaşdırır.

Trend xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş
direktoru Ruslan Əliyev “Facebook” səhifəsində yazıb.

Onun fikrincə, sanki bu reaksiyaların bir əldən, konkret Birlik
rəhbərliyi tərəfindən yönləndirildiyi təəssüratı yaranır.

“Birliyin rəhbəri olaraq, hər zaman bəyan etmişəm ki, əgər
ədalətsiz tənqidlərin kökündə bir faiz olsa belə həqiqət varsa,
məqsəd ittihamlara cavab yox, həmin o bir faizlik həqiqətin təmin
edilməsi olmalıdır”,- R. Əliyev qeyd edib.

Birliyin rəhbəri əlavə edib ki, muəssisənin inkişafı, etibarı
tənqidlərdən nəticə çıxarmaqdan çox asılıdır.

“Bu baxımdan xahiş edirəm, əgər kimlərsə dostluq və ya kimlərsə
çalışdığı qurumun mövqeyini müdafiə etmək naminə nəsə etmək
istəyirsə, anlayışlı olsunlar. Sosial şəbəkələrdə səsləndirilən
problemləri aidiyyati şöbələrə yönləndirsinlər ki, məsələ tez bir
zamanda öz həllini tapsın. Ümidvaram ki, yanlış fikirlərin
formalaşmaması naminə diqqətli olacağıq”, – R. Əliyev bildirib.

Teqlər: