“AzerGold” yeni qızıl məhsullarını alıcılara təqdim edib (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yeni növ qızıl
məhsulları satışa çıxarılıb. Belə ki, çəkisi 5,10, 20, 500, 1000
qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların
tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram
çəkilərdə qızıl külçələr əlavə edilib.

Yeni növ məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3
ünvanında yerləşən Satış və mübadilə mərkəzində qızılın dünya
birjasındakı cari qiymətinə uyğun və istehsal xərclərini əhatə edən
minimal marja ilə satışa çıxarılıb. Məhsullar, həmçinin onlayn
satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim
edilib. Əlavə olaraq, məhsulların mərkəzdə qızılın dünya
birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi də təmin
edilir. Beləliklə, alıcıların təkcə dəyərli hədiyyə deyil, həm də
istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən investisiya
aləti qismində seçim imkanları daha da genişləndirilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı
üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilmişdir. 3
müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər
Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının
“Çələbi” naxışının əks olunmaqla Azərbaycanın müasirliyinin, tarix
və incəsənətinin təbliğinə yönəlmişdir. 2021-ci ildə Heydər Əliyev
Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham
Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi
şanlı qələbəyə həsr olunmuş “Qarabağ inciləri” sikkə dizaynı
müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda – 5,
10, 20 qramlıq çəkilərdə “Şuşa” və “Qarabağ” qızıl sikkə
kolleksiyaları istehsal edilərək satışa çıxarılmışdır.

Teqlər: