“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mineral-xammal
resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və
istehsalat proseslərinin optimallaşdırılması istiqamətində
fəaliyyətini uğurla davam etdirir.
Xatırladaq ki, Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar
işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi
cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında
təsdiqlənmiş, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı
hesablanmışdır. “AzerGold” QSC tərəfindən ötən dövr ərzində
beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir
texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji
kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst
qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması,
üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid
filizlərinin emalı satılabiləcək qızıl ehtiyatlarını artırmağa
imkan yaratmışdır.
Bundan əlavə, “Çovdar” mədəninin yaxınlığında yerləşən və
müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən
kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi “Çovdar”
mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal
Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırmışdır. Beləliklə,
sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla
fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212
min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılmış, 731,9 min
unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat və tədqiqat
işlərinin davam etdirildiyi nəzərə alınaraq sözügedən həcmlərin
daha da artırılması istisna edilmir.
Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud
qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə
qabiliyyəti təkmilləşdirilmiş, xəttlərin mövcud istehsal imkanları
50%-dək artırılmışdır. Hazırda topa aşındırma üsulu ilə işləyən
emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün
çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal
zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin
idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın
“Heerim Architects & Planners Co” məsləhətçi şirkəti, zavodun və
müvafiq infrastrukturun qurulması üzrə isə “Maqro Construction”
beynəlxalq tikinti şirkəti tərəfindən müvafiq işlər görülür.
Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci
rübündə 10 592 unsiya qızıl istehsal edilmişdir. Bu göstəricinin
ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına
baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədi ilə
aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən illin
illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin
fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun
təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb
olacaqdır.