“AzerGold” QSC ilə Fransa şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin
sədri Zakir İbrahimov Fransanın ölkəmizdəki səfirinin İqtisadiyyat
müşaviri Lui Tulorj və iqtisadi məsələlər üzrə attaşesi Yannik
Haronis ilə görüş keçirib.

Görüşdə ölkəmizdə fəaliyyət göstərməkdə maraqlı olan Fransa
şirkətləri ilə “AzerGold” QSC arasında mümkün sahələrdə əməkdaşlıq
imkanları müzakirə edilib.

QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi
şirkətin 5 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər barədə
qonaqlara məlumat verib. Həmçinin “AzerGold”un geoloji kəşfiyyat,
hasilat, eləcə də digər sahələr üzrə uğurlu fəaliyyəti, regionlarda
yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi
səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs
olunub. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və
təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa
daim önəm verdiyini bildirən Z.İbrahimov bu xüsusda Cəmiyyətin
xarici şirkətlərlə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu
vurğulayıb.

Öz növbəsində, Fransa şirkətlərinin Azərbaycanda nəqliyyat,
energetika sahələrində geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu
deyən Lui Tulorj digər sahələrdə də əlaqələri inkişaf etdirməkdə
maraqlı olduqlarını bildirib. Diplomat, həmçinin bu cür görüşlərin
əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar
yaratdığını qeyd edib.

Ümumilikdə dağ-mədən sənayesinin inkişaf perspektivləri
ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq
doğuran məsələlər, o cümlədən ətraf mühitin qorunması və ekoloji
tarazlığın saxlanılması üzrə nou-hau texnologiyaların tətbiqi,
gələcək layihələrdə alternativ enerji mənbələrindən istifadə
edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə
edilmişdir.

Teqlər: