Azercell tələbələr üçün yeni imkanlar açır

Şirkət növbəti əmək yarmarkalarında iştirak
edib

Ölkənin ən yaxşı işəgötürən şirkətlərindən biri olan Azercell
istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların
yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına
daim xüsusi diqqət ayırır. Tələbə və məzunlar üçün keçirilən əmək
yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə
sadiq qalıb.

Belə ki, “Azercell Telekom” MMC Qərbi Kaspi Universitetində
keçirilən əmək yarmarkasında iştirak edib. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən
tədbirin məqsədi qısa müddət ərzində işəgötürənlərin zəruri peşəyə,
ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək
göstərilməsindən ibarətdir.

“Azercell Telekom” MMC-nin gənclərin peşəkar kadr hazırlığına
dəstək məqsədilə iştirak etdiyi digər platformalar arasında “İBM
Cybersecurity Analyst Professional Certificate” və “Google Data
Analytics Professional Certificate” inkişaf proqramları
çərçivəsində təşkil olunan əmək yarmarkası xüsusi yer tutur.
Sərgidə 200-dən artıq gənc, data analitikası və kibertəhlükəsizlik
üzrə kadr axtarışında olan müəssisə və təşkilatlar iştirak
ediblər.

Yarmarka çərçivəsində Azercell-in İnsan Kapitalının İdarə
Edilməsi departamentinin mütəxəssisləri iş axtaran gəncləri
maraqlandıran sualları cavablandırıb, şirkətdə mövcud vakansiyalar,
iş şəraiti, namizədlər üçün tələblər və kadrların seçilməsi,
tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında
ətraflı məlumatı bölüşüblər.

Qeyd edək ki, on beş ildən artıqdır ki, Azərbaycan
universitetlərində təhsil alan istedadlı gənclər Azercell-in xüsusi
Tələbə Təqaüdü ilə təltif olunur və Təcrübə Proqramları
çərçivəsində şirkətdə iş təcrübəsi ilə yanaşı müxtəlif təlimlərdən
də faydalana bilirlər.

Teqlər: