Azərbaycanlı gimnastlar və məşqçilər yüksək peşəkarlıq səviyyəsinə malikdir – Batut gimnastikası üzrə Qazaxıstan milli komandasının baş məşqçisi

Xəbər - Cani Babayeva – Trend:

Batut gimnastikası üzrə Azərbaycan millisinin həm idmançıları, həm də məşqçi heyəti yüksək peşəkarlıq səviyyəsinə malikdir.

Bunu Trend-ə batut gimnastikası üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Sergey Vertyankin deyib:

“Əlbəttə, tamblinq üzrə Azərbaycan milli komandasının lideri Mixail Malkindir. O, istənilən səviyyədə medallar uğrunda mübarizə apara biləcək layiqli idmançıdır. Amma həm tamblinq, həm də batut gimnastikası üzrə iştirak edən gənc azərbaycanlı idmançılar da perspektivli gimnastlardır”, – deyə S.Vertyankin bildirib.

Baş məşqçi qeyd edib ki, Milli Gimnastika Arenasında məşqlər və yarışların keçirilməsi üçün zəruri şərait yaradılıb:

“Dünya çempionatına hazırlaşmağımız üçün gözəl şərait yaradılıb. Biz Bakıya yarışların başlamasından iki həftə əvvəl gəlmişik. İdmançıların uyğunlaşması yaxşı keçdi, biz yeni avadanlıqlarla məşq edirik. Bizi burada hər şey qane edir, ona görə də buraya hər dəfə məmnuniyyətlə gəlirik”, – qazaxıstanlı məşqçi deyib.

O əlavə edib ki, Qazaxıstandan gəlməzdən əvvəl milli komandanın bütün üzvləri COVID-19 testini verib:


“Bütün idmançılarımız vaksinlənib. Həm də Milli Gimnastika Arenasında pandemiya zamanı bütün zəruri qaydalara əməl olunur”.

Dörd gün davam edəcək çempionatda idmançılar fərdi və sinxron batutla tullanma proqramında, həmçinin tamblinq üzrə və qoşa mini batutda çıxış edəcəklər. Komanda yarışında da qaliblər müəyyənləşəcək.

Çempionatın ilkin təqviminə əsasən, ilk iki gündə təsnifat yarışı, son iki gündə isə final çıxışları baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: