Azərbaycanla Türkiyənin regionla bağlı əsas məqsədi: Sülh, təhlükəsizlik və sabitlik

Azərbaycanın tarixi Zəfərindən artıq bir ilə yaxın bir müddət keçir. Azərbaycan öz gücü hesabına münaqişəni tarixə qovuşdurmaqla regionda tam yeni reallıq formalaşdırdı.

Bəs söhbət hansı regiondan gedir və nədir bizim ortaya qoyduğumuz reallıq?!

Region olaraq təbii ki, söhbət Azərbaycan, Gürcüstan və Ermənistanın aid olduğu Cənubi Qafqaz regionundan gedir. Ancaq onu da unutmayaq ki, yerləşdiyimiz regionla qonşu olan Rusiya, İran və Türkiyə tarixən məhz burada ciddi maraq toqquşmaları yaşayıblar. Bu gün də, dünyada hər birinin özünəməxsus yeri olan və dünya gücləri üçün çox həssas xarakterə malik Rusiya, İran və Türkiyəni birləşdirən Cənubi Qafqazdır. Mövcud olduğumuz region həm də şərqlə qərb dünyasının kəsişməsində, şimaldan cənuba açılan qapıda və xüsusilə də İslam dünyası ilə Xristian dünyasının qovuşmasında yerləşir. Ancaq tale elə gətirib ki, dəfələrlə parçalanmasına və ərazilərinin bölüşdürülməsinə baxmayaraq yeganə ölkə Azərbaycandır ki, regionumuzun şimalından cənubuna və şərqindən qərbinə qədər uzanmaqla yanaşı, sadalanan bu üç qonşu dövlətin hər biri ilə həmsərhəddir. Şərqdən də dünyanın ən böyük gölü olan Xəzər dənizi ilə sərhədinin olması Azərbaycanın rolunu daha da artırır və ona regional əhəmiyyətli dövlətdən daha vacib aktora çevrilmək imkanı yaradır. Təbii ki, dövlətin siyasətində ölkənin coğrafi olaraq strateji mövqeyi ilə bağlı bu üstünlüklərindən də düzgün istifadə edilməsi bu prosesi tamamlayan ən vacib amildir.

Bütün bu müsbət amillərlə yanaşı, Azərbaycan dövlətinin sahib olduğu üstünlüklərindən lazımi şəkildə yararlanıb qarşıya qoyduğu hədəflərə çatmasına mane olan mənfi halları da vurğulamaq lazımdır. Bu prosesə mane olan ən ümdə faktor ilk öncə 70 il Sovetlər Birliyinin tərkibində olmağımız idi. Qapalı bir rejimin daxilindəki şərtləri və real vəziyyəti nəzərə alanda hər şey bəlli olur. Məlum olduğu kimi qlobal müstəvidə gedən amansız mübarizə nəticəsində keçən əsrin sonlarında Sovetlər Birliyi süquta uğradı. Ancaq müstəqilliyini bərpa etməklə paralel Azərbaycanın sahib olduğu imkanlarından istifadə edərək inkişaf etməsinin qarşısını almaq üçün qabaqcadan hazırlanmış “b” planı işə salındı. Ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi və bununla da heç vaxt həllini tapmayacağına hesablanmış bir münaqişə ocağı alovlandırıldı. Azərbaycan xalqı bir gün də olsa belə bu vəziyyətlə barışmasa da otuz il idi ki, hər şey o planı quranların istəyinə uyğun şəkildə davam edirdi. Bu vəziyyətlə bağlı barışmaz mövqe tutan xalq günlərin birində güclü siyasətə, uğurlu diplomatiyaya, qətiyyətli iradəyə və prinsipial mövqeyə sahib liderinin ətrafında birləşərək o “qordi düyünü”nü kəsdi və münaqişəni tarixə qovuşdurdu. Azərbaycan regionda siyasi, tarixi və ilahi ədaləti bərpa edərək tam yeni bir reallıq yaratdı. Ancaq hədəfləri sərt qayaya çırpılan məkrli quvvələr də hələ ki, bu reallığı qəbul etmir və alovu söndürülən münaqişənin közü ilə əlləşməkdədirlər. Çox təəssüflər olsun ki, qətiyyətli milli iradəmizin ortaya qoyulması və əsgərimizin və zabitimizin qanı və canı hesabına əldə etdiyimiz qələbəyə kölgə salmaqla, bir çox xarici quvvələrlə yanaşı içimizdə olan bəziləri də mümkün qədər münaqişənin həll olunmadığı fonunu yaratmağa çalışırlar.

Bununla yanaşı regionda əsasını qoyduğumuz sülh, təhlükəsizlik və sabitlik şəraitində ən yaxın müttəfiqimiz Türkiyə ilə bərabər 3 region dövlətinin 3 qonşu dövlətlə bir platformada, altılıq formatında gələcək hərtərəfli əməkdaşlığına mane olmağa çalışırlar. Bir çox xarici və daxili ekspertlərin zamanında əsası qoyulmuş və bu gün dünyanın ən nəhəng siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilən Avropa Birliyi ilə müqayisə etdikləri bu formatın mümkün olmayacağını iddia edirlər. Bunu da, əsasən regionda tarixi düşmənçiliklərin və ərazi iddialarının olması amili ilə əsaslandırırlar. Ancaq hesab etmirəm ki, bu iddialarında zərrə qədər səmimi olmayan həmin quvvələr Avropa Birliyini yaradan dövlətlərin bir birilərinə qarşı tarixi düşmənçiliklərini, bu gün də aktual olan ərazi iddialarını və bir çox digər neqativ amilləri unudurlar. Bu amillərə rəğmən Avropa dövlətləri ümumi siyasi və iqtisadi maraqlar naminə səfərbər olmağı bacarırsa deməli bu mümkündür.

Hesab edirəm ki, məhz bu amilləri əsas götürən Azərbaycan və Türkiyə, onların rəhbərləri olan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bu formatı təklif ediblər. İrəli sürülən təşəbbüsün reallaşdırılması istiqamətində hər gün yeni bir uğurlu addım atılır. Regionun yeni bir haba, iqtisadi, turizm, nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində təməli qoyulan və istifadəyə verilən hər bir layihə, atılan hər bir addım bizi bu prosesin reallaşmasına yaxınlaşdırdıqca, buna mane olmaq istəyən quvvələri xülyalarından bir o qədər uzaqlaşdırır.

Uzun illər ərzində bir-birilərinə rəqib olan Türkiyə və Rusiyanın maraqlarını uzlaşdırmaqla onları regionda yaxınlaşdıran Azərbaycan bu prosesi də reallaşdırmaq iradəsinə və gücünə sahibdir. Hesab edirəm ki, zamanla mövcud reallıqlarla barışmağa doğru addımlayan Ermənistanla yanaşı, digər qonşularımız da bu istiqamətdə qətiyyətli iradə ortaya qoymalı olacaqlar. Nəticədə, özünün bütün göstəricilərinə və strateji coğrafi mövqeyinə görə heç də Avropadan geri qalmayan, bəzi məqamlarda isə hətta onu qabaqlayan regionumuzda dayanıqlı iqtisadi və hərtərəfli inkişafı təmin edən yeni bir platformanın yaradılması prosesi uğurla başa çatacaqdır.

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi

Teqlər: