Azərbaycanla sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli böhrandan çıxara biləcək yeganə yoldur – Mixail Finkel

Azərbaycanla sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli
iqtisadi, siyasi və demoqrafik böhrandan çıxara biləcək yeganə
yoldur.

Bunu Trend
israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə
mütəxəssis Mixail Finkel deyib.

O qeyd edib ki, bu danışıqların lokomotivi, aparıcı qüvvəsi
Azərbaycan Prezidenti İlham Əliyevdir.

“Azərbaycan Prezidenti bütün dünyaya göstərdi ki, əsl
sülhməramlıdır. O bildirib ki, tezliklə sülh müqaviləsi
imzalanmalıdır və bunun üçün mümkün olan və olmayan hər şeyi edib.
Sirr deyil ki, Azərbaycan Prezidenti ölkə XİN-ə, öz köməkçilərinə,
bütün məmurlara sülh müqaviləsinin imzalanması üçün lazım olan
sənədlərin hazır olması barədə tapşırıqlar verib”, – deyə o
bildirib.

M.Finkel qeyd edib ki, Ermənistanda isə tamamilə zidd
münasibətlər hökm sürür.

“Biz görürük ki, erməni cəmiyyəti və İrəvanda çoxminli mitinqlər
keçirən müxalifət hər yolla sülh müqaviləsinin imzalanmasına əngəl
olmağa çalışır. Biz görürük ki, Prezident İlham Əliyevin
təşəbbüsləri öz vaxtını və qonşuların yanaşmalarını nə qədər
qabaqlayır. Ermənistanda başa düşmürlər ki, onların başqa seçimi
yoxdur və sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli
iqtisadi, siyasi və demoqrafik böhrandan çıxara biləcək yeganə
yoldur”, – ekspert deyib.

Onun fikrincə, erməni tərəfi döyüş meydanında uduzduqdan sonra,
öz günahı ucbatından diplomatik danışıqlar məkanında da uduza
bilər.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə
görüşü olub.

Görüş zamanı aşağıdakı nəticələr əldə olunub;

Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci
birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu
iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı
şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.
Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması
istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa
gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və
Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında
tranzitləri, habelə, hər iki ölkənin kommunikasiya infrastrukturu
vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək
prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq
daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik,
eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və
yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam
etdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: