Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika
naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi
nümayəndə xanım Ana Birçalla görüşüb.

Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, onlayn
formatda keçirilən görüşdə iqtisadiyyat naziri Rumıniya ilə
əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın
genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin
əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rumıniya
iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. 2021-ci ildə, həmçinin bu
ilin yanvar ayında ölkələrimiz arasında ticarət dövriyyəsi artıb.
Görüşdə həmçinin, ölkələrimizin enerji, kənd təsərrüfatı, nəqliyyat
və s. sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, SOCAR-ın Rumıniyada
səmərəli fəaliyyəti qeyd edilib.

Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku əlaqələrin
genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb,
iqtisadiyyatın bir sıra sahələrində birgə layihələrinin
reallaşdırılması imkanlarını diqqətə çatdırıb.

Bu il ölkələrimiz arasında diplomatık əlaqələrin qurulmasının 30
illiyini vurğulayan strateji layihələr üzrə xüsusi nümayəndə xanım
Ana Birçall ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı
olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə
də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini
vurğulayıb.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, SOCAR-ın prezidenti vəzifəsinin icraçısı Rövşən
Nəcəfin də iştirak etdiyi görüşdə tərəflər iqtisadi-ticarət, o
cümlədən enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sonda 2016-cı ilin iyulunda Azərbaycanın SOCAR və Ruminiyanın
Transqaz şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun daha
6 il müddətinə uzadılması barədə sənəd imzalanıb.

Teqlər: