Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Özbəkistan paytaxtında keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İtaliya xarici işlər nazirinin müavini Manlio Di Stefano ilə görüşüb.

Trend xəbər verir ki, tərəflər İtaliya-Azərbaycan əlaqələrinin dinamik inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu istiqamətdə enerji sektoru əsas yerlərdən birini tutur. İtalyanlar Azərbaycanda bir sıra zavodun tikintisində iştirak ediblər. İtaliya şirkətləri Azərbaycanın neft-qaz sektorunda da uğurla çalışırlar. Bununla belə ticarət əlaqələrinin şaxələndirilməsinə ehtiyac var.

Danışıqlarda Azərbaycanın işğaldan azad olunan ərazilərində kənd təsərrüfatı, üzümçülük, şərabçılıq sahələrində, “yaşıl enerji”, ekoloji layihələrdə İtaliya şirkətlərinin iştirakı məsələləri də müzakirə olunub.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Teqlər: