Azərbaycanla İran arasında gömrük əməkdaşlığı ilə bağlı Tədbirlər Planı təsdiqlənib (FOTO)

Mayın 10-da Azərbaycan Respublikası ilə İran İslam
Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş
keçirilib.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, görüşdən
öncə İran İslam Respublikasının Culfa Gömrük İdarəsinə baxış olub.
İkitərəfli görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev
və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli, İran İslam
Respublikasının Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan
Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə
millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib.

İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, İran İslam
Respublikasının Gömrük naziri Alirza Müqəddəsi ölkələrimiz arasında
mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi
sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və
ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və
sürətləndirilməsinə imkan yaratdığını önə çəkib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər
Mehdiyev ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin,
iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin
vurğulanıb ki, bu əlaqələr və ölkə prezidentlərinin ikitərəfli
yaxşı münasibətləri gömrük-ticarət əlaqələrinin də inkişafına
şərait yaradıb.

Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə
tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi,
yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə
bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti
sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində
əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Tərəflər 11 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası Höküməti arasında İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası
arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında
Anlaşma Memorandumu”nun icrasından irəli gələn aidiyyəti gömrük
məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata
keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük
statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük
buraxılış məntəqələrinin açılması və mövcud buraxılış
məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində
danışıqlar aparıblar.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İran
İslam Respublikası Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə
gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın
genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.

Teqlər: